www.science.az
01.06.2015 14:04

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Gəncə şəhəri ərazisində arxeoloji kəşfiyyat xarakterli tədqiqatlar aparıb

AMEA prezidenti, akademik Akif Əlizadənin tapşırığı ilə may ayının sonlarında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu tərəfindən Gəncə şəhəri və ətraf ərazilərdə arxeoloji kəşfiyyat xarakterli tədqiqatlar aparılıb. Tədqiqat qrupu Gəncə-Qazax bölgəsində çalışan ekspedisiya rəhbərlərindən və region üzrə arxeoloji araşdırma təcrübəsinə malik gənc tədqiqatçılardan təşkil edilib.

 İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərlik etdiyi ekspedisiyanın məqsədi Gəncə şəhəri ərazisindəki arxeoloji abidələrin elektron qeydiyyata alınması və xəritələşdirilməsidir.

Qeyd edək ki, Gəncə şəhəri ərazisində aparılmış arxeoloji tədqiqatlar ümumi sahəsi 300 kv. km-dək olan ərazini əhatə edib. Şəhərin ərazisinə baxış keçirilərkən yeni arxeoloji abidələrin mövcud olması ekspedisiya tərəfindən müəyyən olunub.  Google Earth proqramı vasitəsilə şəhərin ərazisi təhlil edilib və əraziyə baxış keçirilən zamanı aşkar edilmiş yeni arxeoloji abidələrin GPS koordinatları götürülüb.

Şəhər ərazisində yeni aşkar edilmiş arxeoloji abidələr əsasən, kurqan tipli qəbir abidələrindən ibarətdir. Ekspedisiya tərəfindən Gəncə aeroportu yolundan başlayaraq “Yeni Səbzikar” adlanan qəbiristanlığa qədər və şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə aşkar edilmiş 62 kurqan tipli qəbir abidələri qeydiyyata alınıb və xəritəyə salınıb. Kurqan tipli qəbir abidələrinin Tunc dövrünə aid edilməsi ehtimal olunur. Ekspedisiya tərəfindən aşkarlanmış və elmi dövriyyəyə “Gəncə kurqanları” kimi daxil edilmiş abidələr əsasən daş örtüklü olub, müxtəlif ölçülərə malikdirlər.

Ekspedisiya üzvləri, həmçinin Samux rayonu ərazisində yerləşən və Cənubi Qafqazda ərazisinə görə ən böyük şəhər yerlərindən biri olması ehtimal edilən Şəhərburnu abidəsinə də baxış keçiriblər.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev  və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə də görüşən ekspedisiya üzvləri bölgə üzrə arxeoloji tədqiqatların intensivləşdirilməsi və tarixi abidələrin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar, tədqiqatlar zamanı göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir