www.science.az
03.06.2015 15:17

Milli Azərbaycan Tarixi Muzeyi birinci Avropa oyunları ilə əlaqədar iş rejimində dəyişiklik edib

Bakıda keçirilən birinci Avropa oyunları ərəfəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyi iyunun 1-dən iki növbəli iş rejimində çalışır.

Muzeyə gələn əcnəbi qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, etnoqrafiyası ilə maraqlanır və ekspozisiyada nümayiş etdirilən arxeoloji, etnoqrafik materiallarla, eksponatlarla yaxından tanış olurlar. Xüsusən də, Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplandığı muzeyin yerləşdiyi bu möhtəşəm binanın tarixçəsi və H.Z.Tağıyevin xatirə muzeyi xarici qonaqların böyük marağına səbəb olur. Qonaqların rahat ziyarət etmələri üçün muzeydə hər cür şərait yaradılıb və təhlükəsizlik tədbirləri görülüb.

Gün ərzində muzeyə gələn qonaqlara Azərbaycan, rus və ingilis dillərində xidmət göstərilir. Qonaqlar, həmçinin burada muzeyin nəşrləri olan bələdçi kitabları, kataloqlar və zallarda quraşdırılmış monitorlar vasitəsi ilə ətraflı məlumatlar əldə edə biləcəklər. Muzeydə bukletlərlə yanaşı, bəzi maraqlı eksponatların mulyajı hazırlanaraq satışa qoyulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir