www.science.az
03.12.2013 00:00

АМЕА-nın Nizamnaməsi yenidən hazırlanır

Məlum olduğu kimi, AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli iclasında akademiyanın Nizamnamə Komissiyasının yeni tərkibi təsdiq edilmişdir. Əsas məqsəd Nizamnamənin müstəqil Azərbaycanın dövlətçilik prinsiplərinə, elm sahəsində, xüsusən AMEA-da gedən islahatlara hüquqi təminat verə biləcək yekun bir sənədə çevrilməsini təmin etməkdən ibarətdir.

Komissiyanın sədri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilmiş iclasda akademiyanın Nizamnaməsinin yeniləşdirilməsi zərurətindən, bu sahədəki dünya təcrübəsi və ölkə reallıqlarından geniş söz açılmışdır. İ.Həbibbəyli bildirmişdir ki, akademiyanın ayrı-ayrı struktur bölmələrindən, tanınmış alimlərdən 93 təklif daxil olmuşdur. Komissiyanın aldığı təkliflər və qeydlər Nizamnamənin bütün bölmələrini əhatə edir. Bundan başqa, komissiya Polşa, Bolqarıstan, Rusiya, Qazaxıstan, Belarus və Ukrayna Elmlər Akademiyalarının da Nizamnamə təcrübələrini öyrənmişdir.

İclasda çıxış edən komissiya üzvləri – akademik Asəf Nadirov, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Pərviz Məmmədov, riyaziyyat üzrə fəlsəfə doktoru Əminağa Sadıqov, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov və başqaları AMEA-nın Nizamnaməsinin əsaslı şəkildə təkmilləşdirilməsi ətrafında fikir və mülahizələrini bildirmiş, təklif və fikirlərini irəli sürmüşlər. Bundan başqa, komissiya üzvlərinin də Nizamnaməyə dair rəy və təkliflərinin hazırlanması, Nizamnamə ilə Əsasnamənin hüdudlarının müəyyənləşdirilməsi, daxil olan təkliflərin ekspertizasının təmin edilməsi və s. məsələlərlə bağlı vəzifələr müəyyən olunmuşdur.

Növbəti iclasda AMEA-nın Nizamnaməsinin yenilənmiş tam mətninin hazırlanıb müzakirəyə çıxarılması nəzərdə tutulub.

Qeyd edək ki, Nizamnamənin yekun variantı dekabrın sonuna kimi AMEA prezidenti, akademik Akif Əlizadəyə təqdim ediləcəkdir. AMEA Rəyasət Heyəti yeni layihəni müzakirə etdikdən sonra məsələ illik ümumi yığıncağın müzakirəsinə çıxarılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.