www.science.az
09.12.2013 00:00

ADPU-da akademik Feyzulla Qasımzadənin anadan olmasının 115 illiyinə həsr edilmiş tədbir keçirilib

Dekabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli alim və pedaqoq, Əməkdar Elm Xadimi, Əməkdar Müəllim, akademik Feyzulla Qasımzadənin anadan olmasının 115 illiyinə həsr edilmiş tədbir keçirilib.

ADPU-nun professor-müəllim heyəti və tələbələrinin, ölkəmizin tanınmış ziyalılarının iştirak etdikləri tədbiri giriş sözü ilə açan elmi işlər üzrə prorektor, professor Vilayət Əliyev görkəmli alimin həyat və elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, akademik Feyzulla Qasımzadə ADPU-nun seçilmiş məzunlarından biri olmuş, bu müəssisədə kafedra müdiri kimi fəaliyyət göstərmişdir.

Sonra universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professorHimalay Qasımov “Feyzulla Qasımzadənin həyat və yaradıcılıq yolu” mövzusunda məruzə ilə çıxış edib. Natiq akademikin Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğ olunmasında müstəsna xidmətlərindən danışıb. Onun elmi axtarışlarının nəticəsi olan “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi həmin dövr ədəbiyyatının öyrənilməsi və ədəbi-bədii düşüncənin təhlili baxımından çox dəyərli elmi mənbə olduğunu qeyd edib: “Akademik Feyzulla Qasımzadə həm də ədəbi tənqid sahəsində səmərəli fəaliyyət göstərmiş, Azərbaycan ədəbiyyatının obyektiv təhlilini vermişdir”.

Sonra alimin ömür yolunu əks etdirən “Zamanın sorağında” filmi nümayiş etdirilib.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, akademik Vasim Məmmədəliyev, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, şair İlyas Tapdıq və ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov F.Qasımzadənin mənalı ömür yolundan, elmi-pedaqoji fəaliyyətindən, bu sahədə qazandığı uğurlardan danışıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, 1898-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuş F.Qasımzadə bir çox Azərbaycan ziyalısının müəllimi olmuşdur. Uzun illər Bakı Dövlət Universitetində tarix kafedrasının müdiri vəzifəsində çalışan alim 30 elmlər doktoru və 120 elmlər namizədi yetişdirmiş, SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilmişdir.

Sonda akademikin qızı, ADPU-nun Dünya ədəbiyyatı kafedrasının dosenti Nigar Qasımzadə ailəsi adından atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.