www.science.az
05.12.2013 00:00

AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın “Heydər Əliyev – siyasi rəhbərlikdən ümummilli liderə” mövzusunda 57-ci məşğələsi keçirilib.

Məşğələni giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, tarixdə hər bir siyasi lider dövlət xadiminə çevrilə bilmədiyi kimi, dövlət xadimi olan hər bir siyasi lider də ümummilli liderə çevrilə bilmir. Ümummilli liderə o şəxsiyyətlər çevrilə bilir ki, onlar taleyüklü məqamlarda məsuliyyəti cəsarətlə öz üzərinə götürür, milli və dövlətçilik maraqlarını bütün addımları atmaq üçün əsas istiqamətverici amil hesab edir və millətinin müstəqil şəkildə öz müqəddəratını təyin etməsini təmin edir.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərli “Heydər Əliyev – siyasi rəhbərlikdən ümummilli liderə” mövzusunda məruzə ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin tarixi və siyasi fəaliyyətindən bəhs edən H.Səfərli qeyd edib ki, Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

Qeyd edilib ki, böyük siyasi və dövlət xadimi Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı.

Azərbaycanın XX əsrin 90-cı illərinin əvvəllərində düşdüyü ağır ictimai, iqtisadi, siyasi böhran şəraitindən söz açan natiq o zaman blokada şəraitində olan, düşmən təcavüzünə məruz qalan Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılmasında ümummilli liderin misilsiz xidmətlərindən danışıb.

Bildirilib ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsi ilə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmişdir. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Ümummilli liderin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır.

Vurğulanıb ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Lektoriyaya İ.Hacıyev yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.