www.science.az
10.12.2013 00:00

Şərqşünaslıq İnstitutunun illik hesabatı keçirilib

Dekabrın 6-da AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının növbəti iclasında elm müəssisənin illik hesabatı dinlənilib.

Hesabat məruzəsi ilə çıxış edən institutun direktoru, prof.Gövhər Baxşəliyeva öncə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamlarının icrası istiqamətində görülən işlər haqqında məlumat verib. “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il tarixli sərəncamı ilə əlaqədar f.ü.e.d., professor Nüşabə Araslının “Nizaminin əsərlərində hekayə-məsəl və miniatür-süjetlər” və f.ü.f.d. R.Quliyevin “Azərbaycan Nizami poeziyasında” kitablarını diqqətə çatdırıb.

Hesabat ilində G.Baxşəliyeva “Nizami yaradıcılığının ərəb mənbələri” mövzusunda tədqiqat aparıb.

Hesabat ilində institutun nəzdində fəaliyyət göstərən Şərqşünaslıq üzrə Problem Şurasında respublikada fəaliyyət göstərən elm və təhsil müəssisələrində şərqşünaslıq sahəsinə aid elmi-tədqiqat işləri müzakirə olunub, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı mənbələrin bir qismi institutun əməkdaşları tərəfindən müəyyənləşdirilib və elmi tədqiqata cəlb edilib.

İnstitutda gənc alimlərin elmi fəaliyyətini stimullaşdırmaq üçün müvafiq tədbirlər görülüb, institutun ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri t.ü.f.d. F.Əsədov ABŞ-ın “Fulbrayt” proqramı çərçivəsində “İpək yolu ticarətində ərəb xilafəti və Xəzər xaqanlığı arasında əlaqələr” mövzusunda tədqiqat aparmaq üçün ABŞ-da 8 aylıq elmi ezamiyyətdə olub, Türk Tarix Qurumu, Ankara Başbakanlıq Osmanlı Arxivi, İstanbul Universiteti, Ankara Universiteti, Misir Ərəb Respublikasının Əl-Əhzər Universiteti, Qahirə Universiteti, İskəndəriyyə kitabxanası, Rusiya EA Şərqşünaslıq İnstitutu, Özbəkistan Respublikasının Şərqşünaslıq İnstitutu və digxarici ölkə qurumları ilə elmi əlaqələr davam etdirilib.

G.Baxşəliyeva hesabat ilində institutda 4 elmi istiqamət, 10 problem, 31 mövzu çərçivəsində elmi-tədqiqat işlərinin aparıldığını diqqətə çatdırıb. İnstitut əməkdaşlarının 24 kitab və monoqrafiyası, 250-dən artıq məqalə (51-i xaricdə), məruzə və tezisi, eləcə də elmi jurnallar və toplular çap olunub. Hesabat ili ərzində institut əməkdaşları xaricdə 34 beynəlxalq elmi konfrans və simpoziumda iştirak ediblər. Bu sırada Türkiyə, Tacikistan, Türkmənistan, Qazaxıstan, Şimali Kipr, ABŞ, Özbəkistan və Rusiyada keçirilmiş tədbirləri qeyd etmək olar. Cari ildə institut əməkdaşları ölkəmizdə keçirilən 115 beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumlarda iştirak ediblər.

Şərqşünaslıq İnstitutunun 2013-cü ildə keçirdiyi elmi tədbirlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycanın Şərq siyasəti” mövzusunda elmi konfransı, “Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid” adlı beynəlxalq elmi konfransı (Qafqaz Universiteti və Mehmet Akif Ersoy fikir və sənət vəqfi ilə birgə), akad. V.Məmmədəliyevin 90 illiyinə həsr olunmuş “Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları” adlı beynəlxalq elmi konfransı, görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsinin anım mərasimləri, Türkiyə Cümhuriyyətinin elan olunmasının 90 illiyi münasibətilə təşkil edilən “Türkiyə Cümhuriyyəti-90” mövzusunda beynəlxalq elmi konfransı (Qafqaz Universiteti ilə birgə), Şərqşünaslıq İnstitutunun Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı, MDB ölkələri gənc şərqşünaslarının II Qurultayını (AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitutu, REA Gənc Alimlər Şurası ilə birlikdə), qurultay çərçivəsində keçirilən “Azərbaycan şərqşünaslığının dünya şərqşünaslıq elminə töhfəsi” mövzusunda dəyirmi masanı qeyd etmək olar.

Məruzəçi kadr hazırlığı ilə bağlı institutun fəlsəfə doktorluğu üzrə 14 doktorant və 16 dissertant, elmlər doktorluğu üzrə 5 doktorantı və 4 dissertantının olduğunu, institutda fəaliyyət göstərən “Türk xalqları ədəbiyyatı” və “Dünya ədəbiyyatı” ixtisasları üzrə dissertasiya şurasında 5 dissertasiyanın müdafiə edildiyini bildirib.

Sonda çıxış edən akademik Vasim Məmmədəliyev Şərqşünaslıq İnstitutunun 2013-cü ildə fəaliyyətini dəyərləndirərək hesabatın institutun 2013-cü ildəki fəaliyyətini tam əks etdirdiyini, bu institutun keçmiş MDB məkanında şərqşünaslıq sahəsində fəaliyyətinə görə ilk yerlərdən birinə sahib olduğunu vurğulayıb. İnstitutun həm fundamental tədqiqatlarını, həm də beynəlxalq əlaqələrini yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.