www.science.az
16.11.2015 09:15

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

Görkəmli geoloq-alim, İkinci Dünya müharibəsi veteranı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, AMEA-nın müxbir üzvü Fərhad Soltan oğlu Əhmədbəyli noyabrın 14-də ömrünün 92-ci ilində vəfat edib.

Fərhad Əhmədbəyli 1923-cü il fevralın 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmişdir. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.

1954-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1964-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

F.Əhmədbəyli əmək fəaliyyətinə AMEA-nın Geologiya İnstitutunda başlayaraq böyük laborant, elmi işçi, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri vəzifələrində çalışmışdır. 2011-ci ildən həmin institutun “Geotektonika və regional geologiya” şöbəsinin baş elmi işçisi vəzifəsində çalışmışdır.

F.Əhmədbəyli geologiya elminə böyük töhfələr vermiş və dərin iz qoymuşdur. Onun elmi fəaliyyəti Qafqazın regional geologiyası, geotektonikası, neotektonikası, geodinamikası və seysmik aktivliyinə aid problemlərinin tədqiqinə həsr edilmişdir. 

F.Əhmədbəyli regional geologiya, geotektonika və neotektonika sahələrində tanınmış alim idi. Azərbaycanda ilk dəfə olaraq neotektonika üzrə kompleks elmi tədqiqatların başlanması onun adı ilə bağlıdır. O, Azərbaycanın iri struktur elementlərini öyrənmiş, müasir tektonik prosesləri və neotektonik hərəkətlərin neft-qazlılıq və seysmikliklə qarşılıqlı əlaqələri problemlərini tədqiq etmişdir. Onun redaksiyası və işləyib hazırladığı üsul üzrə “Azərbaycanın neotektonik xəritəsi” tərtib edilərək dərc olunmuşdur (1991-ci il). “Xəzər dənizi və onun haşiyəsinin beynəlxalq tektonik xəritəsi”, “Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi”nin, “Azərbaycan Respublikasının Milli Atlas”na daxil edilmiş geoloji və neotektonik xəritələrin, bir sıra digər geoloji təyinatlı xəritə və atlasların tərtibatçılarından biridir. Son illərdə onun elmi fəaliyyətinin əsas istiqamətini Yer qabığının yerüstü və dərinlik geoloji-tektonik quruluşu və geodinamik təkamülünün müasir modellərinin işlənib hazırlanması, müasir tektono-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ asılılıqların müəyyən edilməsi təşkil etmişdir.

Parlaq ve dolğun həyat yaşamış F.Əhmədbəyli 145 elmi əsərin, o cümlədən 12 xəritə və atlasın, 5 monoqrafiyanın müəllifidir. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə istinad olunur. Çoxlu sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış etmişdir. Beynəlxalq (STCU, SCOPES, CNRS) qrant layihələrinin iştirakçısı olmuşdur.

F.Əhmədbəylinin rəhbərliyi ilə 2 elmlər doktoru və 6 fəlsəfə doktoru hazırlamışdır. AMEA-nın Geologiya və Geofizika İnstitutu nəzdində Dissertasiya şurasının üzvü idi.

Şərəfli ömür yaşamış Fərhad Əhmədbəylinin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət etsin!