www.science.az
07.01.2014 00:00

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi seminar keçirilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi seminar keçirilib.

Seminarda muzeyin “Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini” şöbəsinin elmi işçisi Nailə Dadaşovanın “Ada- muzey” adlı məruzəsi dinlənilib. Məruzə Şimali Kipr Türk Cümhuriyyətinin tarixi abidə və muzeylərinə virtual ekskursiya xarakteri daşıyıb.

Kipr adası, Girne şəhəri və buradakı tarixi yerlər haqqında rəngarəng slaydın təqdimi, “Batıq gəmi” muzeyi, orta əsrlərin “İşgəncələr Muzeyi” və s. haqqında zəngin informasiya dinləyicilərin marağına səbəb olub.

Məruzəçi bu tarixi ərazilərdə muzey təşkil olunması işində Azərbaycan Rəssamlar İttifaqının da rolunu qeyd edərək 2012-ci ildə ilin ən yaxşı muzeylərindən biri seçilmiş “Batıq gəmi” muzeyinin qurucusu olan azərbaycanlı rəssam Ədalət Dadaşovun xidmətlərindən bəhs edib.

Müzakirələrdə muzey əməkdaşları - filologiya elmləri doktoru Xatirə Bəşirli, tarix elmləri doktoru Kamil İbrahimov, direktor müavini Sədaqət Hüseynova, filologiya üzrə fəlsəfə doktoru Natavan Mustafayeva və digərləri iştirak ediblər.