www.science.az
16.01.2014 00:00

“Vətən şəhidlərini heç vaxt unutmayacaq!”

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirildi.

Tədbirdə dərin məzmunlu nitq söyləyən kitabxanın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli həmin günün siyasi mahiyyətindən, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədən danışdı: “20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, azadlıq ruhuna qarşı bir təcavüz idi. Buna baxmayaraq Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Çünki 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. İmperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu”.

Sonra AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru Gövhər Baxşəliyeva tədbirlə bağlı çıxış etdi. Ulu öndərin təşəbbüsü ilə bu qanlı faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayan G.Baxşəliyeva bildirdi ki, xalqımızın ağır günündə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn dahi şəxsiyyət Heydər Əliyev qanlı terror aktının təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, cəsarətli və imperiya rəhbərliyini ifşaedici bir bəyanatla çıxış etmişdir. Bu bəyanatla Heydər Əliyev ilk olaraq 20 Yanvar faciəsinin siyasi-hüquqi qiymətini vermişdir. Məhz o ağrılı günlərdə - 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu.

Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş ədəbiyyat sərgisi nümayiş olundu. Sərgilənən ədəbiyyat sırasında Aydın Balayev və Rasim Mirzənin birgə yazdıqları “20 yanvar hadisələri. Sənədlər, Mövqelər, Şərhlər” (1999-2000), Hacı Qüdrət Əbdülsəlimzadənin “Nikbin faciə (Qanlı Yanvar düşüncələri)”, “Qanlı yanvardan 15 il keçdi...”, Rafiq Səməndərin “Şəhidlər”, Qulu Kəngərlinin “Qara Yanvar şəhidləri” (Azərbaycan və rus dillərində), Abdulla Qurbaninin “Şəhidlər dastanı”, Tatyana Çaladzenin “Sostradanie”, Murtuz Sadıxlının “Otvet tebe dast istoriya...”, Feliks Çarçbadzenin “Zabıtıy genosid”, Yasin Aslanın “Azərbaycan tam bağımsızlık yolunda” və s. nümayiş olundu.

Sərgidə həmçinin 20 Yanvar faciəsini əks etdirən Azərbaycan, rus, Qərbi Avropa və Şərq dillərində 250-dən artıq ədəbiyyat, sənəd, fotoşəkil, videomaterial və virtual görüntülər nümayiş etdirildi. Sərgi 15 gün müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.