www.science.az
01.06.2016 17:11

"Azərbaycan Respublikasının coğrafiyası" monoqrafiyası coğrafiya elminin ən böyük nailiyyətlərindəndir

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da 2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalamışdır.

Sərəncama əsasən,  AMEA  Coğrafiya İnstitutunun alimləri - direktor, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, prof. Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və coğrafiya elmləri doktoru Zakir Eminov müəllifi olduqları "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasına görə  elm sahəsi  üzrə Dövlət mükafatına layiq görülmüşlər.

Prezident İlham Əliyev  mayın 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda təltif olunanlara Dövlət mükafatlarını təqdim edib.

Çoxillik zəhmətin bəhrəsi olan və  Azərbaycan coğrafiya elmində analoqu olmayan "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyası  Azərbaycan coğrafiya elminin ən dəyərli nailiyyətlərindən biridir.

Trilogiyanın çoxsaylı xəritə, qrafik və sxemlərlə müşayiət olunan, “Azərbaycan Respublikasının fiziki coğrafiyası” adlanan I cildində ölkəmizin coğrafi mövqeyi, oroqrafiyası, öyrənilmə tarixi, geoloji quruluşu, faydalı qazıntıları, paleocoğrafiyası, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü landşaftları, Xəzər dənizinin səciyyəvi xüsusiyyətləri son elmi-nəzəri və metodiki baxışlar əsasında  təhlil və tədqiq edilir.

“Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası” adlanan II cild ölkənin iqtisadi, siyasi və sosial-demoqrafik problemlərinin tədqiqinə, onların yaranması səbəbləri və aradan qaldırılması istiqamətində təkliflər və tövsiyələrin işlənib hazırlanmasına həsr edilib.

Kitabın “Azərbaycan Respublikasının regional coğrafiyası” adlanan III cildində Azərbaycan Respublikası regionlarının fiziki və iqtisadi coğrafi xüsusiyyətləri və inkişaf perspektivləri araşdırılır. Eyni zamanda, regionların inkişafı haqqında Dövlət Proqramlarından irəli gələn iqtisadi-coğrafi məsələlərin həlli və həmin proqramların həyata keçirilməsi, respublikanın dayanıqlı iqtisadi inkişafının, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən və görülməsi vacib olan məsələlər tədqiq edilir. Həmçinin respublika rayonlarının iqtisadi potensialı təhlil edilir, onlarda gələcəkdə inkişaf etdirilməsi daha məqsədəuyğun olan təsərrüfat sahələri göstərilir və perspektiv inkişaf istiqamətləri proqnozlaşdırılır.

Təqdimetmə mərasimində çıxış edən akademik Ramiz Məmmədov coğrafiyaçı alimlərin əməyini Dövlət mükafatı ilə qiymətləndirdiyinə görə ölkə Prezidenti İlham Əliyevə  laureatlar  adından təşəkkürünü bildirib. O, həmçinin Prezidentin təqdim etdiyi Dövlət mükafatını bir avans kimi qəbul etdiyini vurğulayaraq onun Azərbaycanda elmin, təhsilin inkişafı üçün hər cür şərait yaratdığını xüsusi qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.