www.science.az
21.01.2014 00:00

AMEA Fizika İnstitutunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

AMEA Fizika İnstitutunda elmi şuranın iclasında 20 yanvar şəhidlərinin xatirəsi anılıb.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Cavad Abdinov AMEA Rəyasət Heyətinin 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş xatirə tədbirlərinin keçirilməsinə dair sərəncamı haqqında məlumat verib. Həmin illərdə baş verən hadisələrdən danışan alim vurğulayıb ki, 1980-ci illərin axırlarında keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb olub. C.Abdinov qeyd edib ki, Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma “Dağlıq Qarabağ” probleminin ortaya atılması ilə bağlı olub. Bildirib ki, ölkədə kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başlayıb. Alim həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insanın qətlə yetirildiyini, 700-dən artıq vətəndaşın yaralandığını vurğulayıb. Həlak olanların arasında 1 aspirant, 3 elmlər doktoru da olub.

O, həmçinin Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin heç bir təhlükəyə baxmayaraq, 1990-ci il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, mətbuat konfransı keçirməsi və Kommunist Partiyası sıralarından çıxmasından bəhs edib.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.