www.science.az
21.01.2014 00:00

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümü qeyd edilib

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın milli müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərin qəhrəmanlığından danışıb. Bildirib ki, illər keçdikcə Sovet ordusunun törətdiyi terror aktı ilə bağlı hadisələrin təhlili ön plana keçdi və faciənin baş vermə səbəbləri araşdırılmağa başladı.

İnstitutun direktor müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov böyük itkilər və günahsız insanların qətli ilə nəticələnən faciənin hüquqi və siyasi yöndən tədqiq olunmasına baxmayaraq, psixoloji amillərlə bağlı tədqiqat aparılmadığını vurğulayıb. O, həmçinin cinayət hüququ ilə əlaqədar araşdırmaların da genişləndirilməsinə ehtiyac olduğunu bildirib. 20 Yanvarı yalnız faciə deyil, eyni zamanda millətin özünəqayıdışı kimi qiymətləndirən B.Zahidov Azərbaycanda çəkilən bəzi filmlərdə bu dövrə aid faktların təhrif olunduğunu qeyd edib.

İnstitutun Sosiologiya və sosial psixologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova terror aktının baş verməsinin subyektiv və obyektiv səbəblərinin tədqiqatının vacibliyini vurğulayıb. O, faciəyə tam siyasi-hüquqi qiymətin 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən verildiyini söyləyib.

İnstitutun Cinayət hüququ və cinayət prosesi şöbəsinin baş elmi işçisi, hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyev də hər il respublikada 20 Yanvar şəhidlərinin xatirəsinin anılmasının vacibliyini vurğulayıb və Ümumxalq hüzn gününü tarixin qan yaddaşı kimi qiymətləndirib.

Tədbirin sonunda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.