www.science.az
23.01.2014 00:00

“Gəmiqaya ətrafında arxeoloji tədqiqatlar” mövzusunda seminar keçirilib

AMEA Naxçıvan Bölməsində “Gəmiqaya ətrafında arxeoloji tədqiqatlar” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doкtoru, professor Fəxrəddin Səfərli muxtar respublika ərazisindəki abidələrin öyrənilməsi ilə bağlı məqsədyönlü tədbirlərin görüldüyünü bildirib. O, Naxçıvan ərazisində qeydə alınmış abidələrin sayının 1202-yə çatdığını, bunların da bir qisminin Gəmiqaya ətrafında olduğunu qeyd edib: “Gəmiqaya abidəsinin tədqiqinə hələ XX əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyinin birinci dövründə başlanmışdır. Bunun nəticəsi idi ki, 1971-ci ildə AEA Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılması, elmi albomun nəşri və elmi-kütləvi filmin çəkilməsini qərara almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il tarixli Sərəncamından sonra bu abidənin öyrənilməsi sahəsində işlər daha mütəşəkkil davam etdirilmişdir”.

İnstitutun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov Gəmiqaya ətrafındakı arxeoloji tədqiqatlar haqqında ətraflı məlumat verib.

Təqdimatda abidələrin və tapılan maddi-mədəniyyət nümunələrinin xarakterik xüsusiyyətləri təhlil olunub. Alimlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Elmi seminara yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtariyyətin 90 illik yubileyinin keçirildiyi ildə tarixi mövzuda təşkil olunan seminarların xüsusilə əhəmiyyət kəsb etdiyini deyib. Qeyd edib ki, Naxçıvanın tarixinin daha dərindən öyrənilməsi, eyni zamanda muxtariyyət illərində Naxçıvan ərazisindəki abidələrin öyrənilməsi ilə bağlı görülən işlərin tədqiqi də diqqət mərkəzində saxlanılmalıdır. Elm xadimləri elmi və kütləvi nəşrlərdə Naxçıvanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, təbiəti və s. mövzularda məqalələrlə çıxış etməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.