www.science.az
29.01.2014 00:00

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirildi.

Büro üzvləri, institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, FRTEB-nin akademik-katibi, akademik Akif Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat verdi.

“İçməli və tullantı sularının dezinfeksiyasını təmin edən yeni texnoloji üsullar” layihəsi haqqında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Elm və texnika şöbəsinin yeni texnika və texnologiyaların tətbiqi üzrə aparıcı mühəndisi, fizika üzrə fəlsəfə doktoru Elçin Qurbanov məlumat verdi. O, içməli və tullantı sularının dezinfeksiyası üçün istifadə olunan və nəticədə ətraf mühit üçün çox təhlükəli komplekslərin yaradılmasına şərait yaradan toksik kimyəvi reagentlərin istifadəsinin təhlükəli xəstəliklərin yaranmasına və inkişaf etməsinə səbəb olduğunu bildirdi. Bu məsələnin həlli istiqamətində həyata keçirilmiş tədbirlərdən danışan E.Qurbanov içməli və tullantı sularının dezinfeksiyasında istifadə olunan xlorlaşma prosesinin qismən və ya bütövlükdə enerjieffektivli və ekoloji cəhətdən təmiz yüksək gərginlikli impuls qaz boşalmaları texnologiyası ilə əvəz edilməsinin vacibliyini vurğuladı. Bu məqsədlə “Azərsu” ASC və AMEA arasında birgə müqaviləyə əsasən mövzu üzrə elmi-tədqiqat işlərinin aparılacağını söylədi.

Alim elmi-tədqiqat işlərinin AMEA Fizika İnstitutunun Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyasında və “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasında aparılacağını və tədqiqatların nəticələrinə əsasən bu texnologiyaların su təmizləyici qurğularda tətbiqi ilə əlaqədar pilot qurğusunun işlənilməsi istiqamətində təkliflərin verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.

AMEA Fizika İnstitutunun nəzdində “Biofizika və smart materiallar Mərkəzi”nin yaradılması haqqında çıxış edən institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov hazırda institutda biofizikaya yönələn 2 laboratoriyanın fəaliyyət göstərdiyini söylədi. Bildirdi ki, Mərkəzin əsas məqsədi insan ömrünün uzadılması üçün tibbi preparatlar, süni orqan və toxumaların yaradılmasıdır. O, 5 illik layihədə molekulyar səviyyədə yaşlanma problemlərinin araşdırılmasının nəzərdə tutulduğunu vurğuladı.

Tədbirdə, həmçinin “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” və “Azərbaycan Astronomiya” jurnallarının redaksiya heyətinin yeni tərkibi, Kibernetika İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi, Şamaxı Astrofizika Rəsədxanasında fəaliyyət göstərən dəyişkən tərkibli müşahidə qrupunun tərkib sayının artırılması məsələləri müzakirə olundu.

Müzakirələrdə AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev, AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, RMİ-nin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov və başqaları iştirak etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.