www.science.az
05.02.2014 00:00

Heydər Əliyev irsinin araşdırılmasına böyük töhfə

 

Bu gün müstəqillik və tərəqqi yolunda inamla addımlayan, nüfuzlu, demokratik dövlət kimi beynəlxalq münasibətlərdə layiqli yer tutan Azərbaycanın təqribən yarıməsrlik inkişaf tarixi və bu dövr ərzində xalqımızın əldə etdiyi nailiyyətlər ümummilli lider, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyəti ilə sıx bağlıdır.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin bütün bölgələrinin ahəngdar inkişafını təmin etmiş, onun ümumi tərəqqisini hər bir rayonunun, kəndinin, qəsəbəsinin tərəqqisi və yüksəlişi ilə vəhdətdə görmüşdü. Ümummilli liderin məqsədyönlü siyasəti və böyük təşkilatçılıq qabiliyyəti sayəsində vətənimizin bütün bölgələrində yüksək sosial-iqtisadi və mədəni göstəricilər əldə edilmişdi.

Heydər Əliyevin böyük qayğısı sayəsində görünməmiş nailiyyətlərə və uğurlara imza atmış bölgələrdən biri də Azərbaycanın əzəli və əbədi ərazisi olan Naxçıvan Muxtar Respublikasıdır.

Heydər Əliyevin həm Azərbaycan SSR-ə siyasi rəhbərliyi, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Naxçıvan Muxtar Respublikasının inkişafı və tərəqqisi naminə həyata keçirdiyi çoxşaxəli və məhsuldar fəaliyyəti AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımovun bu yaxınlarda işıq üzü görmüş “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər)” adlı fundamental monoqrafiyasında geniş təhlil edilmişdir. İki bölmədən və dörd fəsildən ibarət kitabda 1969-cu ildən sonra Naxçıvan MR-ın keçdiyi mürəkkəb, eyni zamanda şərəfli yolun geniş salnaməsi əksini tapmışdır.

Kitabda 1921-ci ildə ermənilərin məkrli siyasət ilə Azərbaycanın qədim torpağı Zəngəzurun Ermənistana verilməsi nəticəsində vətəndən ərazicə ayrı düşmüş Naxçıvan MR-ın sovet dövründə inkişafına qısa nəzər yetirilmiş, statistik məlumatların elmi təhlili əsasında muxtar respublikanın bir çox göstəricilərə görə SSRİ-nin və Azərbaycan SSR-in digər regionlarından, xüsusən DQMV-dən geri qaldığı, bunun muxtar respublikaya mərkəzin və Azərbaycan SSR rəhbərliyinin laqeyd və ögey münasibətinin təzahürü olduğu sübut edilmişdir.

Əsərin “Heydər Əliyev və XX əsrin 70-80-ci illərində Naxçıvan MSSR-in inkişaf strategiyası” adlanan birinci bölməsində ümummilli liderin Azərbaycan KP MK-nın birinci katibi işləyərkən muxtar respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında baş verən proseslər və meyillər təhlil edilmiş, Heydər Əliyevin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində muxtar respublika həyatının bütün sahələrində ciddi keyfiyyət və kəmiyyət dəyişikliklərinin baş verdiyi vurğulanmışdır.

Bu bölmədə Heydər Əliyevin birbaşa göstərişi və rəhbərliyi altında Naxçıvan MSSR-in iqtisadi inkişafı ilə bağlı respublika səviyyəsində qəbul edilmiş qərarların əhəmiyyəti açıqlanmışdır. Naxçıvan Muxtar Respublikasının mövcud sosial-iqtisadi problemlərinin və onların həlli yollarının müəyyənləşdirilməsində, bölgənin potensialının və gələcək inkişaf perspektivlərinin üzə çıxarılmasında ümummilli liderin xidmətləri işıqlandırılmışdır. Müəllif konkret faktlar və rəqəmlər əsasında 1970-1982-ci illərdə muxtar respublikanın sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və əsaslı tikinti sahələrində böyük dirçəliş və tərəqqinin baş verdiyini, bütün bunların isə əhalinin maddi rifahına, mənzil-məişət şəraitinə müsbət təsir göstərdiyini, qeyd edərək bunların Heydər Əliyevin Muxtar Respublikanın inkişaf strategiyasının nəticəsi olduğunu göstərir.

Monoqrafiyada qeyd olunur ki, Heydər Əliyevin xidmətləri sayəsində Naxçıvan əhalisinin içməli su, elektrik enerjisi, qazla təminatının yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılmış, nəqliyyat sisteminin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edilmişdir. Müəllif belə bir fakta diqqəti cəlb edir ki, Heydər Əliyevin qayğısı sayəsində 1970-ci illərdə muxtar respublikada hava nəqliyyatı inkişaf etmiş, Bakı-Naxçıvan hava xətti açılmış, Naxçıvan hava limanı genişləndirilmişdi. Bu isə öz növbəsində muxtar respublikanın gələcək taleyində mühüm rol oynayacaq amilə çevrilmişdi. 1990-cı illərin əvvəllərində ermənilər Naxçıvanı blokadaya aldıqdan sonra hava nəqliyyatı bölgənin Azərbaycanla birləşdirən yeganə nəqliyyat vasitəsi idi.

Monoqrafiyada muxtar respublikanın sosial-iqtisadi inkişafında baş verən mütərəqqi dəyişikliklərin, əhalinin maddi rifah halının yaxşılaşmasının, demoqrafik vəziyyətinə, milli tərkibinə, yaş-cins strukturuna, mədəni-təhsil səviyyəsinə, məşğulluq vəziyyətinə göstərdiyi müsbət təsirdən geniş bəhs edilmişdir.

Müəllif bu bölmədə muxtar respublikanın ictimai siyasi həyatında 1970-80-ci illərdə baş vermiş prosesləri geniş işıqlandırmış, Heydər Əliyevin Azərbaycanda yaratdığı sağlam ictimai-siyasi mühitin, qanunçuluğun təmin edilməsi, rüşvətxorluq, korrupsiya və digər neqativ hallara qarşı apardığı qətiyyətli mübarizənin muxtar respublikada konkret təzahürlərini təhlil etmişdir. Muxtar respublikada ictimai-siyasi həyatın təhlil edildiyi fəsildə Heydər Əliyevin təşəbbüsü və nəzarəti altında Naxçıvan MR-də qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, ideya-siyasi işin gücləndirilməsi, cinayətkarlıqla mübarizə, kadrlarla işin yaxşılaşdırılması sahəsində həyata keçirilən siyasi, təşkilati, hüquqi, ideoloji tədbirlər ətraflı işıqlandırılmışdır.

Müəllif belə qənaətə gəlir ki, Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Naxçıvan sakinlərində milli dəyərlərə bağlılıq, sədaqət hissi daha da güclənərək inkişaf etmişdi. Ümummilli liderin milli-mənəvi dəyərlərə qayğısı, milli ruhun dirçəldilməsi sahəsində atdığı addımlar xalqımızda müstəqillik hisslərinin getdikcə artmasına zəmin yaratmışdır. Təsadüfi deyil ki, 1980-ci illərin sonlarında Azərbaycanda milli hərəkat başlayarkən xalqımız bu hərəkatın lideri kimi məhz Heydər Əliyevi görür, ona ümid bağlayırdı. Sonrakı proseslər xalqın öz seçimində yanılmadığını bir daha sübut etdi.

Müəllif elmi ədəbiyyatın, statistik və arxiv materiallarının geniş təhlili əsasında 1970-1980-ci illərdə Naxçıvan MSSR-də təhsilin, elmin, mədəniyyətin, ədəbiyyatın inkişaf dinamikasını təhlil edərək Heydər Əliyevin sosial-iqtisadi həyatın bütün sahələrində həyata keçirdiyi çoxşaxəli mütərəqqi dəyişikliklərin muxtar respublikada mədəni həyatın canlanmasına, mədəniyyətin, iqtisadiyyatın bütün sahələrində çox ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərinə gətirib çıxardığını konkret faktlar və rəqəmlərlə sübuta yetirir. Ə.Qasımov yazır ki, Heydər Əliyevin bölgənin mənəvi həyatına göstərdiyi qayğı və diqqət sayəsində Muxtar Respublikanın bütün humanitar sahələri əsaslı intibah dövrünə qədəm qoymuşdu.

Monoqrafiyanın ikinci bölməsi “Müstəqillik dövründə Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası” adlanır. Bu bölmədə Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə (1990-1993-cü illər) muxtar respublikada hərbi-siyasi, iqtisadi və mənəvi proseslər təhlil edilmiş, ümummilli liderin Naxçıvanın erməni təcavüzündən qorunması, sosial-iqtisadi böhrandan çıxarılması, milli azadlıq və demokratik hərəkatın genişlənməsi uğrunda tarixi xidmətləri işıqlandırılmışdır. Xüsusən xalqın tələbi ilə 1991-ci il sentyabrın 3-də MR-in rəhbəri, Ali Məclisin sədri seçildikdən sonra Heydər Əliyevin Naxçıvanda milli dövlətçiliyin dirçəlişi istiqamətində atdığı tarixi addımlar, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi, Dağlıq Qarabağ hadisələrinə prinsipial münasibəti, mərkəzi və respublika hakimiyyətinin antimilli siyasətinə qarşı sərt mövqeyi monoqrafiyada ətraflı təhlil edilmişdir.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Naxçıvan torpağını erməni təcavüzündən xilas etməsi olduğunu vurğulayan Ədalət Qasımov böyük siyasətçinin bölgənin təhlükəsizliyinin təmin edilməsi, hərbi müdafiə sahəsində atdığı addımları, rus qoşunlarının buradan qansız-qadasız çıxarması dünya hərbi və diplomatiya sənətinin ən böyük fenomenal hadisələrindən biri hesab edir. Əsərdə vurğulandığı kimi, məhz Heydər Əliyevin diplomatik səyi nəticəsində ermənilərin Naxçıvanı işğal etmək cəhdlərinin qarşısı alınmış, dünya ictimaiyyətində münaqişənin əsl səbəbləri haqqında obyektiv təsəvvür yaranmağa başlanmışdı.

Əsərdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin Ermənistan tərəfindən blokadaya alınmış bölgənin sosial-iqtisadi problemlərini həll etmək, əhalinin maddi və mənəvi ehtiyaclarını ödəmək, ictimai-siyasi vəziyyəti sabitləşdirmək üçün həyata keçirdiyi kompleks tədbirlər geniş təhlil edilmiş, bu istiqamətdə MR-də həyata keçirilən islahatların mahiyyəti və nəticələri açıb göstərilmiş, muxtar respublikanın qonşu ölkələrlə əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı məsələlər, mürəkkəb hərbi-siyasi şəraitə baxmayaraq sosial-mənəvi sahələrin - mədəniyyətin, təhsilin dirçəldilməsi üçün atılan addımlar işıqlandırılmışdır.

Qeyd olunur ki, Naxçıvan MR-in bu gün qazandığı uğurların əsası məhz Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etdiyi 1991-1993-cü illərdə qoyulmuşdur.

Monoqrafiyanın sonuncu fəsli ulu öndərin Azərbaycana ikinci rəhbərliyi dövründə - 1993-2003-cü illərdə Naxçıvan MR-in sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının təhlilinə həsr edilmişdir. Müəllif geniş statistik materiallar əsasında həmin dövrdə muxtar respublikanın həyatın bütün sahələrində qazanılmış uğurları ümumiləşdirmiş, bu uğurların Heydər Əliyevin bütün Azərbaycanda həyata keçirdiyi islahatlar və tərəqqi strategiyasının məntiqi nəticəsi olduğu təsdiq edilmişdir. Bu fəsildə muxtar respublikanın sosial-iqtisadi problemlərinin həlli, mədəni həyatın, elmin, təhsilin dirçəldilməsi üçün Heydər Əliyevin dövlət başçısı kimi atdığı addımlar hərtərəfli təhlil olunmuş, ümummilli liderin bölgənin muxtar dövlət statusunun möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində xidmətləri dərindən araşdırılmışdır.

Kitabda Naxçıvan MR-in timsalında Heydər Əliyevin quruculuq və inkişaf strategiyasının müasir şəraitdə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi göstərilmiş, Naxçıvan MR Ali Məclisin Sədri Vasif Talıbovun başçılığı ilə muxtar respublikada Heydər Əliyevin siyasi kursunun müvəffəqiyyətlə icra edildiyi elmi şəkildə əsaslandırılmışdır.

Monoqrafiya Azərbaycanın ayrılmaz bölgəsi olan Naxçıvan MR-in yarım əsrə yaxın bir dövrdə iqtisadi, siyasi, sosial-mədəni inkişafını özündə əks etdirən ciddi tədqiqat əsəridir. Müəllif əsər üzərində işləyərkən çox geniş mənbə bazasına müraciət etmiş, onların əksəriyyəti ilk dəfə elmi dövriyyəyə daxil edilmişdir. Bu mənbələr, xüsusən çoxsaylı arxiv sənədləri və materialları, Heydər Əliyevin Naxçıvan MR-ın inkişafı ilə bağlı imzaladığı dövlət sənədləri, çıxış və məruzələri muxtar respublikanın siyasi tarixini daha dərindən öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edən mənbələrdir.

Kitaba yazdığı ön sözdə, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Ədalət Qasımovun kitabını Heydər Əliyevin nəzəri irsini və dövlətçilik təcrübəsini öyrənmək baxımından çox mühüm vasitə olduğunu qeyd edir.

Əminik ki, Ədalət Qasımovun “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər)” monoqrafiyası Azərbaycan tarixşünaslığında mühüm hadisə olmaqla yanaşı, elmi ictimaiyyətin, geniş oxucu kütləsinin böyük marağına səbəb olacaq.

İsmayıl Hacıyev, Milli Məclisin deputatı, AMEA Naxçıvan Bölməsinin sədri, akademik 

"Azərbaycan" qəzeti, 5 fevral 2014-cü il