www.science.az
24.11.2016 09:47

Şərqşünaslıq İnstitutu ilə Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutu arasında müqavilə imzalanıb.

Noyabrın 23-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. Nümayəndə heyətinə səfirliyin Siyasi məsələlər və ictimai əlaqələr şöbəsinin müdiri Cen Hay Nin, Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Li Jinhua və Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Rafiq Abbasov daxildirlər.

Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva qonaqlara rəhbərlik etdiyi müəssisənin elmi istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, institutda Türkiyə, ərəb ölkələri və İranın tarixi, iqtisadiyyatı, ədəbiyyatı, dili üzrə tədqiqatlar aparılır. Daha sonra o, institut əməkdaşlarının çinşünaslığa dair nəşr etdirdikləri kitabları çinli qonaqlara təqdim edib.

Səfir isə öz növbəsində iki ölkə arasında əməkdaşlıqdan söz açaraq, bu əlaqələrin yaranmasında və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin əvəzsiz xidmətlərini qeyd edib. Şərqşünaslıq İnstitutunda Çinlə bağlı tədqiqatların aparılmasından məmnunluğunu ifadə edən səfir ölkələrimiz arasında elmi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Sonra Şərqşünaslıq İnstitutu ilə Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutu arasında müqavilə imzalanıb. Müqaviləni Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun direktorları Li Jinhua və Rafiq Abbasov imzalayıblar.

Müqavilədə birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi işçilərin mübadiləsi, birgə elmi konfrans və seminarların təşkili, Şərqşünaslıq İnstitutunda Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun sinfinin fəaliyyətinin təmin edilməsi, kitabların nəşri, Çin dilinin tədrisi üzrə xüsusi kursların təşkili, elmi ədəbiyyatla və əlavə materiallarla təminat və s. məsələlər nəzərdə tutulub.

Sonda qonaqlar Şərqşünaslıq İnstitutunun Asiya-Sakit Okean ölkələri regionu şöbəsində olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.