www.science.az
07.02.2014 00:00

AMEA Geologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi

Bu gün AMEA Geologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi.

İclası giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verdi. Akademik AR Prezidenti cənab İlham Əliyevin “2014-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 1 fevral 2014-cü il tarixli Sərəncamı ilə elm sahəsi üzrə Prezident mükafatına layiq görülmüş institutun “Geodinamika və seysmologiya” şöbəsinin əməkdaşı Rafiq Səfərovu təbrik etdi. Mükafata layiq görülən R.Səfərovun ona göstərilən etimadı doğruldacağına, elmimizin adını daha da yüksəklərə qaldıracaqlarına əminliyini ifadə etdi.

Daha sonra akademik A.Əlizadə AMEA-nın müxbir üzvü Arif Quliyevin anadan olmasının 80, geologiya-mineralogiya elmləri doktoru Akif Əliyevin 80, “Nafta-Press” nəşriyyatının rəhbəri Hafiz Abıyevin 60 illik yubileyləri münasibətilə onları təbrik etdi, elmi fəaliyyətlərində uğurlar dilədi.

Tədbirdə Elmi Şuranın və Ümumrespublika elmi seminarlarının iş planı, Avropanın elmi mərkəzlərində təhsil almış doktorantların elmi-tədqiqat işlərinin hesabatı, Azərbaycanın geoekoloji xəritəsinin təqdimatı, “Petrofizika” şöbəsinin mühəndisi, Bakı Dövlət Universitetinin magistrantı Ə.Ağayevin “Neft-qaz kollektorlarının flüidlərində mikroelementlərin biokimyəvi davranışı (Pirallahı yatağı timsalında)” diplom işinin mövzusunun təsdiqi, institutun doktoranturasına (fəlsəfə doktoru hazırlığı üzrə) qəbul, geologiya-mineralogiya elmləri doktoru A.Əkbərovun “Yeraltı suların kəşfiyyatı və istismar ehtiyatlarının qiymətləndirilməsi” adlı kitabının nəşri və s. məsələlər müzakirə edildi, təklif və tövsiyyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.