www.science.az
25.11.2016 09:09

Professor Nazim İmanov Şanxay Universitetində “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin baş məsləhətçisi seçilib

Noyabrın 23-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov Çin Xalq Respublikasının (ÇXR) Şanxay şəhərində keçirilən “Bir yol – bir zolaq” adlı beynəlxalq konfransda iştirak edib.

Tədbirdə o, beynəlxalq sərnişin və yük daşımaçılığında Azərbaycanın oynadığı roldan, ölkələrarası nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə respublikamızda gerçəkləşdirilən infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Noyabrın 24-də prof. N.İmanov konfransın “Təhlükəsizlik, iqtisadi və mədəni əməkdaşlıq sahələrində yeni imkanlar” bölməsinə rəhbərlik edib.

Azərbaycanlı alim, həmçinin Şanxay Universitetinin təşkilatçılığı ilə keçirilən daha bir tədbirdə məruzə ilə çıxış edərək Azərbaycan və Çinin elmi müəssisələri, o cümlədən İqtisadiyyat institutları arasında əməkdaşlıq məsələləri, birgə tədqiqatların aparılması imkanları haqqında fikirlərini bölüşüb.

Professor N.İmanov Şanxay Universiteti nəzdində fəaliyyət göstərən “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin baş məsləhətçisi seçilib.

Konfransda Mərkəzi Asiya dövlətləri, Rusiya və Azərbaycandan olan alim və tədqiqatçılarla yanaşı, ÇXR-nın rəsmi dövlət və hökumət nümayəndələri də iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.