www.science.az
25.11.2016 15:50

AzScienceNet elm-kompüter şəbəkəsinin imkanları təqdim edildi

Bu gün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalının təqdimat mərasimindən öncə institutun AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) imkanları ilə tanışlıq məqsədilə "dəyirmi masa" keçirildi.

Dəyirmi masada AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezident, akademik İbrahim Quliyev, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, AR Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və əməkdaşlar iştirak edirdilər.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qonaqlara ölkəmizdə elektron elmin şəbəkə platforması olan AzScienceNet EKŞ-nin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verdi.

Bildirdi ki, bu şəbəkə AMEA-nın elmi müəssisə və təşkilatlarının Avropanın elm və təhsil şəbəkələri mühitinə inteqrasiyasını, müvafiq beynəlxalq qurumlarla əlaqələrini, dünyanın nüfuzlu elmi bazalarının elektron resurslarından istifadəsini, həmçinin böyük həcmli informasiyanın İnternet üzərindən mübadiləsini təmin edərək elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirir.

AMEA-nın elmi müəssisə və təşkilatlarına məxsus 6500-ə yaxın kompüter avadanlığının AzScienceNet şəbəkəsinə qoşulduğunu söyləyən R.Əliquliyev AzScienceNet şəbəkəsinin texniki imkanlarının genişləndirilməsi nəticəsində hazırda onun hesablama gücünün 15 Tflops, xarici yaddaşının həcminin 400 Tbayt-a bərabər olduğunu, İnternetə qoşulma sürətinin isə 1,41 Gbit/s-ə çatdırıldığını qeyd etdi.

Akademik ötən ay istifadəyə verilən müasir telekommunikasiya avadanlıqları və proqram təminatları ilə təchiz olunmuş İnternet Xidmətləri Mərkəzinin 26 elmi müəssisə və təşkilatı əhatə edən Akademiya şəhərciyində 4000-ə yaxın əməkdaşa genişzolaqlı İnternet xidməti göstərdiyini bildirdi.

“AzScienceNet dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurararaq AMEA-nın institut və təşkilatları əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaradır”, – deyə bildirən R.Əliquliyev qeyd etdi ki, bunun nəticəsində, alimlərin öz tədqiqatlarında böyük həcmli verilənlərdən birgə istifadə etməsinə və böyükmiqyaslı elmi layihələr həyata keçirməsinə imkan yaranır.

Akademik, həmçinin AzScienceNet-in elm və təhsil üçün yüksək keyfiyyətli beynəlxalq İKT infrastrukturunun yaradılması, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşdırılması, elmi məqsədlər üçün istifadə olunan milli və beynəlxalq elektron infrastrukturların təkmilləşdirilməsi məsələlərinin birgə təşkilinə xidmət edən GEANT Assosiasiyasına üzv seçilməklə 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurduğunu önə çəkdi. Azərbaycanı GEANT Assosiasiyası və onun layihələrində AzScienceNet-in təmsil etdiyini bildirdi.

R.Əliquliyev şəbəkədə e-elmin əsas məqsədlərindən olan AMEA institut və təşkilatları, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin İKT-nin tətbiqi ilə yenidən qurulması, elmin informasiya təminatının yaradılması, elmi fəaliyyətdə İKT-nin tətbiqi, kadr hazırlığı və s. istiqamətlərdə tədbirlərin həyata keçirilməsinə dəstək verilir.

“AzScienceNet EKŞ-nin Data Mərkəzində strateji əhəmiyyətli onlayn informasiya resurslarının saxlanması və istifadəsi təmin edilir”, – deyə bildirən akademik bu şəbəkənin AMEA-da fəaliyyət göstərən tədqiqatçılar üçün geniş imkanlar açdığını bildirdi. Alim, həmçinin qeyd etdi ki, AzScienceNet şəbəkəsində fəaliyyət göstərən informasiya təhlükəsizliyinin monitorinqi sistemi vasitəsilə şəbəkənin fəaliyyətinin, o cümlədən AMEA əməkdaşlarının İnternet resurslarından istifadəsinin monitorinqi aparılır və təhlükəsizliyi təmin edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.