www.science.az
14.02.2014 00:00

Dünyada tanınan və Azərbaycana şöhrət gətirən nəslin görkəmli nümayəndəsi

Azərbaycanın görkəmli alimi, pedaqoqu, elm və təhsil təşkilatçısı, ictimai xadimi, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Mir Cəlal oğlu Paşayevin 80 yaşı tamam olur. Akademik Arif Mir Cəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Atası Mir Cəlal Paşayev görkəmli yazıçı, tanınmış alim, böyük pedaqoq və ədəbiyyat xadimi idi. Arif Paşayevin uşaqlıq və gənclik illəri o dövrün böyük, adlı-sanlı tanınmış şəxsiyyətlərinin əhatəsində keçmişdir.

Mir Cəlal Paşayevin ata ocağında və mühitində Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri xalq şairi Səməd Vurğun, xalq yazıçısı Mirzə İbrahimov, akademik Həmid Araslı, professor Cəfər Xəndan, Sabit Rəhman, Mehdi Hüseynlə yanaşı, o dövrün musiqiçiləri, ad-san qazanmış bəstəkarları və dramaturqları da toplaşırdılar. Bu ədəbi-mədəni və elmi mühitin zənginliyi Azərbaycanın ənənəvi ədəbi məclislərindən geri qalmırdı. Məhz belə bir genişmiqyaslı bu münbit mühit akademik Arif Paşayevin dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynamışdır.

Arif Paşayev 1951-ci ildə Bakıdakı 164 nömrəli orta məktəbi bitirmiş, Odessa Elektrotexnika Rabitə İnstitutunda ali təhsil almışdır. O, əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) laborant vəzifəsində başlamış, Azərbaycan Elmlər Akademiyasında isə fəaliyyətini davam etdirmişdir. 1958-ci ildə AEA Astrofızika sektorunda kiçik elmi işçi, 1959-cu ildən AMEA Fizika İnstitutunda kiçik elmi işçi (1959-1961), böyük elmi işçi (1966-1971), laboratoriya müdiri vəzifəsində çalışmışdır, hazırda isə problem rəhbəridir.

Gənc yaşlarında ikən, 1960-cı ildə keçmiş Sovetlər İttifaqının aparıcı elmi mərkəzlərindən sayılan Dövlət Nadir Metallar İnstitutunun (QİREDMET) aspiranturasına qəbul olan Arif Paşayev 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi katibi vəzifəsinə təyin edilmiş, elə həmin ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Arif Paşayevin çoxillik və ardıcıl elmi fəaliyyətinin əsas istiqaməti yarımkeçiricilər fizikası və yarımkeçirici cihazlardır. Çalışdığı Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu yarımkeçiricilər fizikası üzrə SSRİ-də aparıcı elmi-tədqiqat mərkəzləri sırasında xüsusi yer tuturdu. Nəzərə almaq lazımdır ki, 1960-cı ilin əvvəllərində fizikada, yarımkeçiricilər fizikasında Qann effekti deyilən effekt müşahidə edilmişdi. Bu effektin mahiyyəti ondan ibarətdir ki, yarımkeçirici monokristal elektrik sahəsində yerləşdirildikdə sahənin müəyyən qiymətində sabit cərəyan dövrəsində yüksək tezlikli elektrik rəqsləri əmələ gəlir. Arif Paşayev Azərbaycan Elmlər Akademiyası sistemində ilk dəfə olaraq yüksək həssaslığa malik qurğu yaratmış və bu qurğuda Qann effekti tədqiq olunmuşdur. Sonralar Arif müəllim daha qabağa gedərək yarımkeçiricilərdə elektrik, fotoelektrik və digər xassələri kontaktsız tədqiq etmək metodunu yaratmağa müvəffəq olmuşdur. Məlumdur ki, hər hansı yarımkeçiricinin elektrik keçirməsini tədqiq edərkən metaldan kontakt yaradılır. Bu da ya istilik enerjisi hesabına, ya da təzyiq nəticəsində həyata keçirilir. Bu isə yarımkeçiricilərdə zədə yaradır. Sıxılma nəticəsində yarımkeçirici dağıla bilir. Arif müəllim tamam başqa yolla getmiş, kontaktsız, zədəsiz tədqiqat üsulunu irəli sürmüşdür. Bu münasib və səmərəli yollarda o, çox böyük uğurlar əldə etmişdir. Bu metod sonralar daha da genişləndirılmişdir. Alim yarımkeçirici materialların mühüm elektrofiziki parametrlərini (keçiricilik, yükdaşıyıcıların yaşama müddəti, yürüklüyü və s.) ölçmək məqsədilə yüksək tezlikli cərəyanlardan istifadə etməklə materialı zədələmədən kontaktsız ölçü üsullarının elmi əsaslarını yaratmış, müxtəlif təyinatlı çeviricilər sahəsində yeni elmi istiqamətin əsasını qoymuşdur.

Məlum olduğu kimi, elmi işlər yazılır, ixtiralar edilir, lakin onları həyata keçirmək üçün təkcə alimin iradəsi deyil, dövlətin dəstəyi və marağı da tələb olunur. Məhz bu sahəni ləyaqətlə təmsil edən Arif Paşayevin əldə etdiyi ixtiraların və dövlətin dəstəyi nəticəsində təklif olunan cihazların Azərbaycanda kütləvi istehsalına nail olunmuşdur. A.Paşayevin rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılan bu səpkidən olan cihazların sırasında silindr şəkilli yarımkeçirici şayba və hissələrin xüsusi müqavimətinin kontaktsız ölçülməsi üçün “Siqma” seriyalı cihazı, yüksək aşqarlanmış yarımkeçiricilərin və yarımmetalların kontaktsız tədqiqi üçün “RO” seriyalı cihazı, lövhə və silindrvari nümunələrin qeyri-bircinsliyinin kontaktsız ölçülməsi üçün “BİN” seriyalı cihazları və sairəni qeyd etmək olar. Son yarım əsrdə istifadə olunan eyni qəbildən olan müxtəlif təyinatlı cihazlar elmi ictimaiyyətə yaxşı məlumdur.

Əldə edilən mühüm elmi nəticələr əsasında Arif Mir Cəlal oğlu Paşayev 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiq perspektivləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. Fizika sahəsindəki yüksək nailiyyətlərinə görə o, “SSRİ-nin İxtiraçısı” medalı ilə təltif olunmuşdur.

Fizika elmində inqilab kimi qiymətləndirilən hadisə 1986-cı ildə müşahidə olunmuşdur. Bu böyük elmi hadisənin mahiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq yüksək temperaturda ifrat keçirici halına keçən, yəni müqaviməti sıfır olan maddələr tapılmışdır. Hazırda artıq təcrübələr göstərir ki, 125 kelvinə yaxın temperaturda müqavimətləri sıfır olan maddələr mövcuddur. Bunun elm və texnika üçün böyük əhəmiyyəti var. Məsələnin əhəmiyyəti ondan ibarətdir ki, yüksək temperaturlu ifrat keçiricilərdən məftillər hazırlayıb maqnit sahəsi yaradırlarsa, elektrik enerjisinə böyük qənaət olur. Arif Paşayev bu prosesi Milli Elmlər Akademiyasının Fizika İnstitutunda 1987-1989-cu illərdə öyrənməyə başlayan ilk alimlərdən biridir. O, tədqiqatlarını keçmiş SSRİ Elmlər Akademiyasının bir qrup alimi ilə birgə aparırdı. Arif müəllim ilk dəfə yüksək temperaturlu ifratkeçirici materialların xüsusiyyətlərini, İttrium-Barium-Kuprum-Oksid (Y-Ba-Cu-O) sistemlərində infraqırmızı əksetdirmə spektrlərini və radiasiyaya davamlılığı məsələlərini tədqiq edərək, bu sistemlərdə atomların bir qisminin əvəz edilməsinin xarakterik keçid temperaturuna təsirini müəyyən etmişdir. Alim keçid xarakteristikalarını dəqiq öyrənmək üçün Fizika İnstitutunda orijinal, proqram təminatlı eksperimental qurğu yaratmışdı.

Bu istiqamətdə 1988-1990-cı illərdə aparılmış tədqiqatların nəticələrinə görə o, SSRİ Elmlər Akademiyasının “İfratkeçirici elektronika” Elmi Şurasının xüsusi mükafatına layiq görülmüşdü.

Fizika sahəsində əldə etdiyi nailiyyətlərinə görə Arif Paşayev 1989-cu ildə “Elmi cihazqayırma” ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Elmi ictimaiyyətdə tanınmış alim kimi qəbul olunan Arif Paşayev 1971-1996-cı illərdə Azərbaycan EA Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” və “Yarımkeçiricilərdə elektromaqnit və akustooptik proseslərin fiziki-texniki problemləri” laboratoriyalarının rəhbəri kimi elmi-tədqiqat müəssisəsinin elmi istiqamətlərinin müəyyən edilməsində fəal iştirak etmişdir.

Arif Paşayevin elmi-tədqiqat işlərinin digər bir hissəsi fotoelastik material kimi daha sadə hazırlanma texnologiyasına malik olan kristallik kvars əsasında akustooptik modulyatorun işlənməsi ilə bağlı olmuşdur. O, 1993-1997-ci illərdə fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərini araşdıraraq bu effekti bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq etmişdir. Alim siqnalların zaman təhriflərinə korreksiyasının, çevrilməsinin, tezlik modulyasiyalı siqnalların izləyici qəbulunun akustooptik üsullarını və bu üsulları reallaşdıran qurğuları sintez etmiş, onların yeni parametrlərini araşdırmışdır. Alınmış nəticələr bir sıra xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilmişdir. Fizika İnstitutunda o, müxtəlif elektromaqnit sahələrinin keçirici mühitlə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məmulatlarına cərəyan burulğanları ilə nəzarət üçün yeni üsullar və qurğular yaratmışdır. Elektron mikrometri, dərinlik nasoslarının içliklərinin diametrini və dərin deşikləri ölçmək üçün proqram təminatlı xüsusi elektron qurğular, SD-1 kondisionerlərinin diaqnostikası üçün stend və sair bu qəbildəndir. Dəqiq inteqral miniatür çeviricilərin, temperatur, təzyiqə, nəmliyə, gücə, təcilə, aşınmaya və titrəyişə həssas elementlərin yaradılması sahəsində də Arif Paşayev mühüm nəticələr əldə etmişdir. Bu elementlər gəmiqayırmada, neftmaşınqayırmada, müdafiə, tibb sənayelərində və digər sahələrdə geniş tətbiq edilir, həmçinin onlardan yüksək çevikliyə malik nəzarət sistemlərinin yaradılmasında istifadə olunur. Hərarətölçən, möhkəm gövdəli “Dalğa” qurğusu, “Tranzistor” seriyalı elektron termometr, yüksək cəldliyə malik termometr, “Dalğa” seriyalı inteqral təzyiqölçənlər və “Kremni” seriyalı elektron manometrlər, endoskopik tədqiqatlar üçün termometrlər, təzyiq və temperatur ölçənlərin tədqiqi üçün stend və sair bu qəbildən olan yeniliklər sırasında mühüm yer tutur.

Arif Paşayev 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.

Fizika ilə mexanikanın təmasda olduğu sahələrdə görülən işlər, elmi tədqiqatların nəticələrinin xalq təsərrüfatına tətbiqi Arif müəllimin konstruktor fəaliyyətinin əsas istiqamətlərindən biridir. Onun rəhbərliyi ilə neft-qaz boru kəmərlərində hidratla, neft çıxan borularda isə parafınlə mübarizə üçün mütərəqqi, iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz üsul və vasitələr yaradılmışdır. Parafınə qarşı hazırlanan reagent 1995-ci ildə ''Ələt” yatağının mədənlərində istifadə edilmişdir. Bu sahədə görülən işlər daha da genişləndirilmiş, parafın və hidrata qarşı istifadə olunan, yüksək faydalı iş əmsalına malik unikal avtomatik elektrik qızdırıcı qurğu yaradılmışdır. “Bail-1m” adlandırılan qurğu Azərbaycan Respublikasının və Rusiya Federasiyasının 10-na qədər patentini almışdır. Hazırda Neft Şirkətinin “28 May”, “Nəriman Nərimanov”, “Bulla-dəniz” neft-qaz çıxarma idarələrinin mədənlərində həmin tristorlu elektrik qızdırıcılar istismar olunmaqdadır.

Arif müəllimin Fizika İnstitutunda rəhbərlik etdiyi problem yarımkeçiricilərdə və dielektriklərdə akustooptik proseslərin fıziki-texniki məsələlərinin tədqiqinə həsr olunub. Fizika İnstitutunun dörd laboratoriyası - 50 nəfərdən artıq elmlər doktoru və elmlər namizədi, elmi işçiləri və digərlərinin fəaliyyətini əhatə edən problemin tədqiqində əsas məqsəd mürəkkəb tərkibli yarımkeçiricilərin alınması, onların elektrik, fotoelektrik, optik, fotoelastik xassələrinin mexanizmini aydınlaşdırmaq, müxtəlif çeviricilərin, qəbuledicilərin, o cümlədən akustooptik ləngitmə xətlərinin, akustooptik panoram qəbuledicinin və akustooptik razılaşdırılmış süzgəc və başqalarının hazırlanmasıdır. Bu qurğular dünyanın bir sıra elm mərkəzlərində, maşınqayırmada, hərbi sənayedə və digər sahələrdə tətbiq olunur.

Arif Paşayev mühüm beynəlxalq elmi konfranslarda məruzə edərək əldə olunmuş bu nailiyyətlərin yüksək səviyyəsini nümayiş etdirmişdir. Onun elmi əsərləri mühüm praktiki əhəmiyyət kəsb etməklə yanaşı, gənc alimlər, doktorantlar üçün də çox dəyərli olub, xarici ölkələrdə də alimə böyük şöhrət qazandırır.

Funksional elektronikanın müstəqil elmi istiqaməti olan neqatronika sahəsi keçən əsrin sonunda ilk dəfə olaraq Azərbaycanda məhz Arif Paşayevin elmi məktəbində aşkarlanmış və öz inkişafını tapmışdır. Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir. O, 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almışdır.

Fizika elminin inkişafında əldə etdiyi yüksək nailiyyətlərinə görə Arif Paşayev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Y.Məmmədəliyev adına medalla təltif olunmuş, bir sıra beynəlxalq akademiayaların həqiqi üzvü seçilmək şərəfini qazanmışdır.

Akademik Arif Paşayev yeni istedadları aşkara çıxarmağa və onları dəyərləndirməyə üstünlük verən nadir şəxsiyyətlərdəndir. O, fizika elmi ilə maraqlanan gənc kadrlara həmişə dəstək olur və onlara hər cür kömək göstərir. Akademik onların bir çoxunun doktorluq dissertasiyasının elmi məsləhətçisi olub, onun rəhbərliyi ilə çoxlu sayda namizədlik dissertasiyaları müdafiə edilib. Respublikamızda, Rusiya, Ukrayna, Latviya və Estoniyada müdafiə olunmuş çoxsaylı doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi də A.Paşayev çıxış etmişdir.

Ümummilli lider Heydər Əliyev aviasiya sahəsində milli kadrların hazırlanmasına xüsusi önəm verirdi. Bu məqsədlə ulu öndər 1992-ci ildə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin (indiki “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti) Milli Aviasiya Mərkəzinin əsasında Milli Aviasiya Akademiyasının (MAA) yaradılması haqqında sərəncam vermişdir. 1996-cı ildə Arif Paşayev həmin akademiyanın rektoru təyin edilmişdir. O, Azərbaycan mülki aviasiyasında milli kadrlar - azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər hazırlamaq, tədris prosesinin, elmi-metodiki işlərin yüksək səviyyədə təşkilinə nail olmaq üçün akademiyada əsaslı islahatlar aparmışdır. Beləliklə, Milli Aviasiya Akademiyasında “İqtisadiyyat və hüquq”, “Avianəqliyyat istehsalatı”, “İxtisasartırma”, “Uçuş fənləri”, “Mülki aviasiya iqtisadiyyatı”, “Riyazı təminat və mexanika”, “Texniki fizika”, “Aviasiya radiotexnikası və elektrotexnikası” və sair kimi kafedralar və yeni ixtisaslar yaradılmışdır. Akademiyanın bazasında Elmi-Tədqiqat Aviasiya (ETAİ, 2010-cu ildən etibarən Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu - (ETNAPİ) təşkil olunmuşdur. Həmin institutun nəzdində Xüsusi Konstruktor Bürosu və təcrübə-sınaq istehsalatını birləşdirən Elmi İstehsalat Birliyinin təməli qoyulmuşdur. Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti nəticəsində respublikamızda ilk dəfə radioidarəolunan, pilotsuz uçuş aparatı, vertolyotun aparıcı vintinin texniki vəziyyətinə nəzarət etmək üçün elektron qurğu, minaların axtarılması və zərərsizləşdirilməsini təmin edən radioidarəolunan robot düzəldildi. Temperatur, təzyiq və küləyin sürəti haqda məsafəli məlumat verən avtomatik meteorologiya stansiyası təsis edilmişdir.

Dünyada gedən qloballaşma prosesinin məntiqi nəticəsi kimi internet şəbəkəsinin genişlənməsi akademiyanın strukturunda da öz əksini taparaq, 2005-ci ildə burada “İnformasiya-Hesablama Mərkəzi"nin yaranmasına səbəb olmuşdur. A.Paşayevin nəzarəti və rəhbərliyi altında bu mərkəzin işi qısa müddətdə Azərbaycan Elmlər Akademiyasının bütün sahələrini və şöbələrini əhatə etməyə başlamışdır.

Təyyarəçilər və aviasiya sahəsində işləyən hər bir şəxs üçün ən vacib göstərici onun fiziki və psixoloji vəziyyətidir. Bu məqsədlə 2005-ci ildə Milli Aviasiya Akademiyasında Aviasiya psixofiziologiyası və fiziki hazırlıq kafedrasının bazasında Aviasiya psixofiziologiyası və reabilitasiya, Bədən tərbiyəsi kafedralarının əsası qoyulmuşdur.

Dərslərin daha ətraflı və səmərəli keçirilməsi məqsədilə elmi dərəcəsi olan müəllimlərlə bərabər, aviasiya sahəsində böyük təcrübələri olan mütəxəssislər də tədris prosesinə cəlb olunmuş, burada yeni fakültələr, kafedralar açılmışdır. Akademiyada əvvəllər rus dilində olan fakültələrlə yanaşı, Azərbaycan dilində də fakültələr yaradılmışdır. Hazırda Aviasiya Akademiyasında 6 fakültə, 24 kafedra fəaliyyət göstərir. Bu təhsil ocağında 16 ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Tədris prosesinə 200-dən artıq professor-müəllim heyəti cəlb edilmişdir. Onların bir qismi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan müəssisələrin aparıcı mütəxəssisləridir. Azərbaycanda ilk dəfə Aviasiya Muzeyinin yaradılması da akademik Arif Paşayevin təşəbbüsü ilə həyata keçirilmişdir. Akademiyanın ərazisində yeni tipli tədris korpusları, ən müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehmanxana və sair binalar inşa edilmişdir.

Qeyd etmək lazımdır ki, akademik A.M.Paşayevin zədəsiz nəzarət ölçü metodu sahəsindəki işləri aviasiyada da uğurla tətbiq olunur. Zədəsiz nəzarət metodu mülki aviasiyada terrorla mübarizə aparmaq üçün böyük əhəmiyyət kəsb edir. Onun rəhbərliyi altında Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunda zədəsiz nəzarət metodunun yeni variantları və vasitələri işlənir, hava gəmilərində təhlükəli yüklərin daşınması üçün effektiv kompleks nəzarət sistemləri formalaşdırılır.

2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura şöbəsi fəaliyyət göstərir və aviasiya, onunla əlaqədar sahələr üçün yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında əhəmiyyətli pol oynayır. Arif müəllimin rəhbərliyi ilə çoxlu sayda aviasiya mütəxəssisləri dissertasiya müdafıə edərək elmlər namizədi və elmlər doktoru elmi adlarına layiq görülmüşlər. Bununla Arif müəllim aviasiya mütəxəssislərinin yerinə yetirdikləri praktiki işlərin elmin inkişafında böyük əhəmiyyətinin olmasını nümayiş etdirir.

Akademiya ərazisində dünya standartlarına uyğun şəhərciyin salınmasına sərf etdiyi gərgin əməyi, müntəzəm şəkildə apardığı islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarəti, sağlam elmi-pedaqoji mühitin yaradılması və yüksək ixtisaslı mütəxəssislərin ali məktəbə dəvət edilməsi sahəsindəki ardıcıl və səmərəli fəaliyyəti alimin yüksək elmi potensialının və təşkilatçılıq qabiliyyətinin gerçək təzahürüdür. Arif Paşayev elmi-pedaqoji fəaliyyətində həmişə qeyd edir ki, müəllim tələbəyə elmi sevdirməyi bacarmalıdır. Hazırda Azərbaycan ziyalılarının sıralarında akademik Arif Paşayevin tələbələrinin, yetirmələrinin sayı sürətlə artmaqdadır. Əminik ki, onlar da zamanında tanınmış ziyalı, akademik Arif Paşayevdən gördükləri, öyrəndikləri müəllim-tələbə münasibətlərini öz fəaliyyətlərində davam etdirəcəklər.

Milli Aviasiya Akademiyasının beynəlxalq əlaqələri də Arif Paşayevin rəhbərliyi altında genişlənir və müasirləşir. MAA beynəlxalq proqramlara qoşulur və elmi-texniki layihələrdə fəal iştirak edir. Hazırda təhsil ocağının Türkiyə, Rusiya, İspaniya, İtaliya, Avstriya, Macarıstan, Çexiya və bir sıra başqa ölkələrlə beynəlxalq əməkdaşlıq əlaqələri yeni və yüksək inkişaf mərhələsindədir. Azərbaycan Milli Aviasiya Akademiyası MDB ölkələri arasında, Avropa Universitetləri Assosiasiyasına tamhüquqlu üzv kimi qəbul olunmuş ilk ali təhsil müəssisələrindən biridir. Akademiyaya Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) sertifikatı təqdim olunmuşdur.

Arif müəllimin rəhbərliyi altında Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) qərarı ilə “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertfikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. Bununla akademiyanın fəaliyyət dairəsi daha da genişlənərək, 50-yə yaxın ölkə (ABŞ, Kanada, Türkiyə, Rusiya, İsrail, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Yaponiya, Ukrayna və s.) ilə tələbələrin, elmi nailiyyətlərin, elmi tədqiqat işlərinin nəticələrinin mübadiləsinə başlanılmışdır. Hazırda Milli Aviasiya Akademiyası Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə sıx əməkdaşlıq edir. Bir sözlə, akademik A.M.Paşayev Azərbaycanda ilk dəfə olaraq müasir dünya standartlarına cavab verən yeni tipli ixtisas təhsilini, elmin və istehsalatın inteqrasiyasını həyata keçirən ixtisaslaşmış ali məktəbi - Milli Aviasiya Akademiyasını inkişaf etdirir və onu yüksək beynəlxalq nüfuzlu ali məktəbə çevirir.

Azərbaycanın müstəqillik dövründə aerokosmos elmin yaradılmasında və inkişafında da akademik Arif Paşayevin böyük xidmətləri vardır. Məhz Arif müəllimin xidmətləri sayəsində Milli Aviasiya Akademiyası ölkə üzrə kosmos haqqında əsas elmi-tədqiqat mərkəzinə çevrilmişdir. Bu kosmos elmi mərkəzi ölkəmizdə bu istiqamət üzrə çalışan alimləri öz ətrafında birləşdirməklə bərabər, həm də beynəlxalq elmi ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanır.

Azərbaycanın görkəmli alimi, pedaqoqu, elm və təhsil təşkilatçısı, ictimai xadimi, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Mircəlal oğlu Paşayevin simasında təkcə Azərbaycan ziyalılarının obrazı deyil, həm də elmi elitanın müasir düşüncə səviyyəsi təccəsüm olunur.

Akademik Arif Paşayev 2004-cü il fevralın 15-də elmi-pedaqoji xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni, 2009-cu ildə isə “Şərəf” ordeni ilə təltif edilmişdir. Elə həmin ildə dünya şöhrətli alim Beynəlxalq Elmlər Akademiyasının Elmi İnkişaf Beynəlxalq Şurasının qərarına əsasən, Nobel mükafatı laureatı İ.V.Pavlov adına “Qızıl nişan” və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ali mükafatı - “Qızıl medal” ilə təltif olunmuşdur. O, təhsil sahəsindəki nümunəvi xidmətlərinə və aviasiya sahəsində mütəxəssislərin hazırlanması sahəsindəki səmərəli fəaliyyətinə görə 2008-ci ildə Beynəlxalq Aviasiya Komitəsinin “Qızıl medal"ı ilə təltif edilmişdir. Akademik Arif Paşayev, həmçinin Ukrayna və Gürcüstan Milli Aviasiya akademiyalarının fəxri doktoru, Vyana Beynəlxalq Universitetinin fəxri professoru seçilmişdir. Eyni zamanda, Arif Paşayev Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Ekspert Şurasının, Tbilisi Texniki Universitetinin Ərazi Şurasının üzvü, Azərbaycan Milli Aviasiya Akademiyası nəzdində birləşmiş Dissertasiya Şurasının həmsədridir. 2011-ci ildə akademikə Beynəlxalq Mühəndislik Akademiyasının ən yüksək mükafatı - “Mühəndislik şöhrəti” ordeni verilmişdir.

Arif müəllim çox səmimi və qayğıkeş insan, müdrik bir ziyalıdır. Onun elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti ilə yanaşı, insani keyfıyyətlərindən də danışmaq yerinə düşərdi. Arif müəllim iki övlad atası, beş nəvə babasıdır. 2008-ci ildə isə onun iki oğlan nəticəsi dünyaya göz açmışdır. O özü kimi vətənpərvər, humanist ruhlu övladlar və nəvələr tərbiyə etmişdir və onlar da müxtəlif sahələrdə Vətənə layiqincə xidmət edirlər. Arif müəllim bənzəri olmayan etibarlı insandır, bütöv şəxsiyyətdır. Tanrı ona istedadla yanaşı, rəhbərlik, təşkilatçılıq bacarığı, geniş dünyagörüşü, möhkəm iradə, insanpərvərlik də nəsib etmişdir. Genişmiqyaslı proqramlar planlaşdıran və həyata keçirən bu insan dərin və rəngarəng bilik sahibidir. Xeyirxah, mehriban, təbii olduğu qədər də ciddidir, dəqiqdir, prinsipialdır. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün düzgün, dürüst yol seçir, yolundan dönmür, düşünə-düşünə, addım-addım, eyni zamanda inamla irəliləyir. Yüksək davranış mədəniyyəti, təvazökarlığı, ilhamvericiliyi alim və ziyalıları onun ətrafına cəlb edir. Hər yerdə ona hörmət edir, onu müdrik insan kimi qəbul edir, ona inanır, onu sevirlər. O isə həmişə hamı ilə bərabər olduğunu, heç kimdən yuxarıda durmadığını bütün səmimiliyi ilə ortaya çıxarır. Arif müəllim hər bir əməkdaşa fərdi yanaşmağı bacarır. Onun başqalarının uğurlarına sevinmə qabiliyyəti, qayğılarına şərikolma xüsusiyyəti göz qabağındadır. Arif Paşayevin çoxillik həyat təcrübəsi və cəmiyyətdə baş verən proseslərə məsuliyyətli münasibəti ziyalılıq üçün bir nümunədir.

Bir daha qeyd etmək istəyirəm ki, akademik Arif Paşayev müəllim, böyük şəxsiyyət, görkəmli yazıçı və böyük ədəbiyyatşünas alimimiz Mir Cəlal Paşayevin layiqli övladıdır. UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına əsasən, 2008-ci ildə Fransada Mir Cəlal Paşayevin 100 illik yubileyi təntənə ilə qeyd olunmuşdur. Bu təntənə Azərbaycanı bir daha dünyaya tanıtmağa xidmət etmişdir. Arif müəllim Mir Cəlal Paşayevin övladı olmaq məsuliyyətini böyük şərəflə yerinə yetirərək öz sahəsində daha yüksəklərə qalxmışdır. O özünün çoxcəhətli fəaliyyətində və şəxsiyyətinin bütövlüyündə köklü ənənələrlə müasirliyin vəhdətini yaşadır.

Akademik Arif Paşayevə möhkəm cansağlığı, uzun ömür, elmin və təhsilin, Azərbaycan ziyalılığının müasir tələblər səviyyəsində inkişaf etdirilməsi yollarında daha böyük uğurlar arzulayırıq.

Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik 

"Azərbaycan" qəzeti, 14 fevral 2014-cü il