www.science.az
12.02.2014 00:00

“Mirsad əl-ibad min əl-məbdə ilə-l-mə`ad” əsəri tərcümə edilərək kitab şəklində nəşr olunub

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri” şöbəsinin müdiri, professor Mehdi Kazımov Nəcm əd-Din Razinin “Mirsad əl-ibad min əl-məbdə ilə-l-mə`ad” (Allah bəndələrinin yolu başlanğıcdan qayıdışa qədər) əsərini fars dilindən rus dilinə tərcümə edərək, ön söz və qeydlərlə kitab şəklində oxuculara çatdırıb.

“Mirsad əl-ibad min əl-məbdə ilə-l-mə`ad” ən məşhur və ciddi sufi əsərlərindən biridir. 1223-cü ildə yazılmış bu əsər tez bir zamanda həm sufi mühitində, həm də ümumiyyətlə, ziyalı dairələrində şöhrət qazanıb. 5 fəsil və 40 bölmədən ibarət olan bu əsər sufizmin nəzəriyyəsi və praktikasına dair kompleks məsələlərə həsr olunub. Burada Nəcm əd-Dinin yaradılışa münasibəti əks olunur, insanın yer üzündə yeri və bu dünyada təyinatı müəyyənləşdirilir.

Kitab sufiliyin, bütövlükdə islamın problemləri, orta əsrlər fəlsəfəsi, ədəbiyyatı və mədəniyyəti məsələləri ilə bağlı tədqiqat aparan mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.