www.science.az
10.02.2017 13:12

“Naxçıvan tarixi” çoxcildliyi Naxçıvan Muxtar Respublika Mükafatına layiq görülüb

Fevralın 9-da - Naxçıvan Muxtar Respublikasının yaranmasının 93-cü ildönümü günündə mükafatların təqdim olunması münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönümü münasibətilə muxtar respublika əhalisini və tədbir iştirakçılarını təbrik edib. Bildirib ki,  ötən 93 il ərzində Naxçıvanın muxtar respublika kimi yaşaması nəticəsində onun ərazisi qorunmuş, muxtar respublika inkişafa qovuşmuşdur. Bu inkişaf müstəqillik dövründə daha da artmış, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə uğurlar qazanılmışdır.

Qeyd olunub ki, artan iqtisadi imkanlar muxtar respublikada elmin, təhsilin və mədəniyyətin inkişafına da öz təsirini göstərmiş, AMEA-nın Naxçıvan Bölməsi və Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır. Naxçıvan tarixi sistemli şəkildə tədqiq olunmuş, abidələrimiz bərpa edilmiş, tariximizə və mədəniyyətimizə aydınlıq gətirən elmi əsərlər, kitablar və ensiklopediyalar, o cümlədən “Naxçıvan tarixi” çoxcildliyi nəşr olunmuşdur.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycan tarixində mühüm hadisədir.

“Bu gün Naxçıvan müasir inkişafın göstəricisi kimi qəbul olunur” – deyən akademik İ.Həbibbəyli bildirib ki, muxtar respublikanın kompleks inkişafında elmin və təhsilin xüsusi yeri vardır. Son illər Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, o cümlədən bütün təhsil müəssisələrinin müasir tədris bazası ilə təmin olunması, AMEA-nın Naxçıvan Bölməsində alim və tədqiqatçılar üçün hərtərəfli şəraitin yaradılması, təşkil olunan ekspedisiyalar, aparılan arxeoloji qazıntılar Naxçıvanda elmin və təhsilin inkişafını yeni mərhələyə yüksəldib. AMEA-nın vitse-prezidenti vurğulayıb ki, “Naxçıvan tarixi” çoxcildliyinin nəşri də muxtar respublikada elmə və təhsilə qayğının nəticəsi kimi ortaya çıxıb. “Naxçıvan tarixi” çoxcildliyi Azərbaycan tarixşünaslıq elminə mühüm töhfədir.

Sonra mükafatlar təqdim olunub. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 9 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan tarixi” çoxcildliyi elm sahəsində Naxçıvan Muxtar Respublika Mükafatına layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan tarixi” çoxcildliyinə görə Naxçıvan Muxtar Respublika mükafatını AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə təqdim edib.

İsmayıl Hacıyev minnətdarlıq edərək deyib ki, Naxçıvanın tarixinin öyrənilməsi üçün yaradılan şərait alim və tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyur. Naxçıvan Bölməsinin kollektivi bundan sonra da yaradılan şəraitdən istifadə edərək səylə çalışacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.