www.science.az
16.02.2017 16:02

AMEA Təcrübə-Sənaye Zavodunun baş mühəndisi vəfat edib

AMEA-nın Təcrübə-Sənaye Zavodunun (TSZ) baş mühəndisi, kimya üzrə fəlsəfə doktoru Məlik Dəmirov 16 fevral 2017-ci il tarixdə 67 yaşında vəfat edib.

M.Dəmirov 1 iyul 1950-ci ildə Tovuz rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 1974-cü ildə TSZ-də aparatçı vəzifəsində başlamış, işgüzarlığı və təşkilatçılığı sayəsində həmin zavodun baş mühəndisi vəzifəsinə qədər yüksəlmişdir.

O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetini bitirərək kimyaçı ixtisasına yiyələnmiş, 1984-cü ildə Neft-Kimya Prosesləri İnstitutunda dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır.

TSZ-da həyata keçirilən onlarla yeni texnoloji proseslərin təcrübə və təcrübə-sənaye miqyasında mənimsənilməsində, neft-kimya və texniki təyinatlı müxtəlif məhsulların istehsalının təşkilində M.Dəmirovun böyük rolu və əməyi olmuşdur. Keçmiş SSRİ Müdafiə Nazirliyinin sifarişi əsasında TSZ-də tikilmiş texnoloji qurğuda “Superplastifikator NKMS – 40-03” məhsulunun istehsal texnologiyasının mənimsənilməsində və sənaye miqyasında geniş tətbiqində M.Dəmirov istedadlı alim və bacarıqlı mütəxəssis kimi fəal iştirak etmişdir.

 Son illər ərzində zavodda aparılan yenidənqurma işlərində, istehsal olunan məhsulların həcmi, çeşidi və keyfiyyət göstəricilərinin nəzərə çarpacaq dərəcədə artırılmasında alimin danılmaz xidmətləri olmuşdur.

 O, uzun illər ərzində göstərdiyi səmərəli və zəngin elmi fəaliyyətinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmiş və TSZ-nin müxtəlif mükafatlarına layiq görülmüşdür.

M.Dəmirovun əziz xatirəsi onu tanıyanların və doğmalarının qəlbində əbədi olaraq yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.