www.science.az
17.02.2017 10:07

“Sabahın alimləri” müsabiqəsində iştirak edən şagirdlərin sayı ildən-ilə artır

Fevralın 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Sabahın alimləri” altıncı respublika müsabiqəsinin açılış mərasimi olub.

Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi  və “İntel” şirkəti tərəfindən birgə təşkil olunan müsabiqədə ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edirlər.

Müsabiqənin təşkilinin əsas məqsədi şagirdlərə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. 

Müvafiq qurumların nümayəndələrinin, təhsil işçilərinin, məktəblilərin iştirak etdikləri tədbirdə təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən nazir ölkəmizdə təhsil sahəsində aparılan islahatların gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönümlü fəaliyyətə cəlb edilmələrinə istiqamətləndiyini diqqətə çatdırıb. M.Cabbarov qeyd edib ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş 158 məzundan 38-i son dörd ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alırlar.

Nazir “Sabahın alimləri” müsabiqəsinə böyük maraq göstərildiyini, iştirakçı şagirdlərin sayının ildən-ilə artdığını bildirib.    

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin elm, təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib, respublikamızda bu sahənin inkişafı üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb.

“Sabahın alimləri” müsabiqəsinin əhəmiyyətini vurğulayan akademik şagirdləri təhsildə yüksək nailiyyətlər qazanmağa çağırıb. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev müsabiqənin elmin, təhsilin inkişafında töhfələri ilə bağlı fikirlərini bölüşüb, məktəblilərə uğurlar arzulayıblar.

Tədbirdə məlumat verilib ki, “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil məktəblərində təhsil alan 302 şagird 125 elmi layihə ilə (onlardan 48-i fərdi, 77-si isə kollektiv layihədir) iştirak edir.  Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət münsiflər heyəti yaradılıb.

Qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilən üç layihənin müəllifi cari ilin mayında ABŞ-da keçiriləcək Intel ISEF müsabiqəsində iştirak imkanı qazanacaq.

2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730 şagird qatılıb, onlardan 30-u Intel ISEF-də iştirak etmək hüququ qazanıb. 

"Azərbaycan" qəzeti, 16 fevral 2017-ci il