www.science.az
13.03.2017 15:27

“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

Martın 13-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq" mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamını xatırladıb. O, ölkəmizdə cari ilin “İslam Həmrəyliyi İli” elan edilməsini dözümlülük, sülh, tolerantlıq və dünyəviləşmə ideyalarının təbliğində dövlətin rolunu qabardan əlamətdar hadisə adlandırıb. Bildirib ki, bu gün keçirilən konfransla Akademiya "İslam Həmrəyliyi İli"nə həsr olunmuş tədbirlərə start verir.

AMEA-nın vitse-prezidenti bildirib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. O, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratdığını vurğulayıb.

Azərbaycanın multikultural dəyərlər çərçivəsində beynəlxalq aləmdə model olduğunu deyən akademik İ.Həbibbəyli bu gün dünyada islamafobiyanın artdığını və Sərəncamın mahiyyətinin İslam həqiqətlərini, böyük elmi dəyərlərini dünyaya çatdırmaq olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti Sərəncam çərçivəsində uşaqlar üçün İslam ensiklopediyasının hazırlanacağı barədə də məlumat verib.

Tədbirdə institutun Nizamişünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru Nüşabə Araslının "Nizami Gəncəvinin yaradıcılığında dini tolerantlıq problemi", Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru İmamverdi Həmidovun "Şuubiyyə ədəbi-fikir cərəyanı və İslamda xalqların bərabərliyi ideyası", institutun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizovanın "İslam sivilizasiyasında tolerantlıq və humanitar dəyərlər problemi", filologiya elmləri doktoru Məmmədhəsən Qənbərlinin "Məhəmməd Peyğəmbərin hədislərində ümumbəşəri dəyərlər", filologiya elmləri doktoru Baloğlan Şəfizadənin "Hüseyn Cavidin "Peyğəmbər" dramında Məhəmməd Peyğəmbərin obrazı" adlı məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.