www.science.az
17.03.2017 12:58

“Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli təbiətşünas alim, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunan “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda elmi-nəzəri konfrans keçirilib.  

Konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə birgə hazırlanan tədbirlər planına əsasən təşkil olunub.

Tədbiri giriş sözü ilə universitetin  rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq akademik Həsən Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, alimin əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunaraq səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edib. O, akademik Həsən Əliyevin keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim olduğunu vurğulayıb.

Daha sonra AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev “Həsən Əliyev və Naxçıvanda təbiətin mühafizəsi” mövzusunda məruzə ilə çıxış edib. Görkəmli alimlə bağlı xatirələrini bölüşən Ə.Quliyev onun elmi fəaliyyəti dövründə tələbkarlığından və gənclərə qayğısından bəhs edib. Professor bildirib ki, akademik Həsən Əliyevin həyatı, yaradıcılığı, elmi fəaliyyəti gələcək nəsillər üçün örnəkdir. 

Konfransda AMEA-nın BotanikaCoğrafiya institutlarının alimləri, Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva və digərləri çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.