www.science.az
23.03.2017 19:06

Azərbaycanın görkəmli memarı Cəfər Qiyasinin 75 yaşı tamam olur

Mart ayının 24-də görkəmli memar, AMEA-nın müxbir üzvü Cəfər Əli oğlu Qiyasinin 75 yaşı tamam olur.

Cəfər Qiyasi 1942-ci il mart ayının 24-də Ərdəbilin Hüsnə kəndində anadan olmuşdur. 1961-1966-cı illərdə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin Memarlıq şöbəsində təhsil almışdır.

1967-1971-ci illərdə Ümumittifaq Kurortları Layihələndirmə İnstitutunun Azərbaycan filialında memar, baş memar, qrup rəhbəri vəzifələrində çalışmışdır.

C.Qiyasi 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1978-ci ildə “Təbriz memarlıq məktəbi” (XIII-XVII əsrlər) mövzusunda namizədlik, 1997-ci ildə “Memar Xacə Əlişah Təbrizi (dövrü və yaradıcılığı)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 2007-ci ildə isə professor elmi adını almışdır. Görkəmli alim 1999-cu ildə Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Uzun müddət Azərbaycan Dövlət Televiziyasında maraqla izlənən “Yaxın-uzaq ellərdə” və “Memarlıq üfüqləri” adlı müntəzəm verilişlərin ssenari müəllifi və aparıcısı olmuşdur.

O, 1993-cü ildə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru təyin edilmiş, fəaliyyəti dövründə ölkəmizin şəhərsalma və memarlıq abidələrinin beynəlxalq miqyasda tanınması, onların dünya abidələri sırasında yer alması kimi məsələlərə xüsusi önəm vermişdir. Alimin layihələri əsasında 15 bina və abidə inşa edilmiş, elmi rəhbərliyi ilə hazırlanmış “Qobustan qoruğu”, “Suraxanı atəşgahı”, “Naxçıvan türbələri” obyektləri Dünya İrsi Siyahısına salınması üçün YUNESKO-ya təqdim edilmişdir.

C.Qiyasinin elmi axtarışları onun zəkasının, elmi təfəkkürünün məhsulu olan kitab və monoqrafiyalarda, məqalələrdə, elmi konfrans və simpoziumlardakı çıxışlarda öz əksini tapmışdır. O, “Abşeron boyları”, “Yaxın uzaq ellərdə” (Orta əsr Azərbaycan memarlığının beynəlxalq əlaqələri haqqında), “Qarabağ irsimizin əbədi yaddaşı”, “Nizami dövrü memarlıq abidələri”, “Azərbaycan. Qalalar, qəsrlər”, “Erməni kültür terroru”, “Iğdır soykırım anıtı”, “Azərbaycanın IX-XV əsrlər memarlığı” adlı kitab və monoqrafiyaların, 250-dən çox elmi məqalənin müəllifidir.

Memarlıq elminin inkişafındakı xidmətlərinə görə 2009-cu ildə Türkiyə Cümhuriyyətinin “Şərəf” medalı, Azərbaycan memarlığının dünya miqyasında tanıdılmasında səmərəli fəaliyyətinə görə 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresi tərəfindən “Bütöv Azərbaycan məfkurəsinə xidmət ödülü” ilə təltif edilmişdir.

Tanınmış elm mücahidini 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.