www.science.az
20.02.2014 00:00

AMEA Botanika İnstitutunun Herbari Fondu Qlobal Bitki Təşəbbüsünə qoşulub

Azərbaycan Respublikasında İnformasiya-Kommunikasiya Texnologiyalarının inkişafı ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda İKT vasitəsilə bitki müxtəlifliyi haqqında məlumatların təkmilləşdirilməsi üzrə fəal addımlar atılır.

 

İnstitutun Herbari kolleksiyasının virtual herbari şəbəkəsinə qoşulması üçün yeni imkanlar yaradılır.

Herbaridə saxlanılan dəyərli tip nümunələrinin rəqəmsallaşdırılaraq məlumat bazasına daxil edilməsi üçün AMEA Botanika İnstitutu və Andrew W. Mellon Fondu (ABŞ) arasında Əməkdaşlıq haqqında Razılaşma imzalanıb və institut Qlobal Bitki Təşəbbüsünə (GPI) qoşulub. Əməkdaşlıq çərçivəsində Botanika İnstitutunun gənc mütəxəssisinin Kyu Kral Botanika Bağında (Böyük Britaniya) tip nümunələrinin rəqəmsallaşdırılması və herbari məlumatlarının hazırlanması üzrə treyninq keçməsi də nəzərdə tutulub.

Qeyd edək ki, institutun Herbari Fondunda Azərbaycanın zəngin bitki örtüyünü, həmçinin elm aləmində ilk dəfə Azərbaycan ərazisindən təsvir edilmiş bitki növlərinin tip nümunələrini əks etdirən uzun illərdən bəri toplanmış 600 000 nüsxədən ibarət zəngin herbari kolleksiyası saxlanılır.

Qlobal Bitki Təşəbbüsü dünya bitkilərinin koordinasiya olunan məlumat və təsvirlər bazasını yaratmağa yönəldilmiş beynəlxalq herbarium əməkdaşlığıdır. Hazırda 70-dən çox ölkənin 260-dan artıq herbariumu bu əməkdaşlığa daxildir və onun bazasında təxminən 2 140 000 təsvir və onlarla əlaqəli obyektlər saxlanılır. Bunlardan 1 500 000-dən çoxu tip və tarixi nümunələrdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.