www.science.az
19.04.2017 15:43

AMEA Naxçıvan Bölməsində bir sıra nəşrlərin təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında həmin bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Hüseyn Cavid və Naxçıvan teatrı” adlı monoqrafiyasının və Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılovanın “Müqəddəs məkan Naxçıvan” adlı kitabının təqdimatı keçirilib.

Tədbiri kitabxananın direktoru Nuridə Kəngərli açaraq bildirib ki, müxtəlif illərdə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Hüseyn Cavidin çoxşaxəli yaradıcılığı ilə bağlı konfranslar, sərgilər keçirilib, görkəmli dramaturqun əsərləri yüksək poliqrafik keyfiyyətdə nəşr olunub. O, ədibin həyatının Naxçıvan dövrünün işıqlandırıldığı “Hüseyn Cavid və Naxçıvan teatrı” adlı monoqrafiyanı bu tədbirlərin davamı adlandırıb.

“Müqəddəs məkan Naxçıvan” adlı kitaba da toxunan N.Kəngərli qeyd edib ki, nəşrdə tanınmış naxçıvanlı alim, təbib, şair, sənətkarlar haqqında maraqlı faktlarla zəngin yazılar verilib, həmçinin Azərbaycan ədəbiyyatında Şərq və Qərb mövzusuna toxunulub.

Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Naxçıvan teatrına həsr olunan qiymətli əsər” və “Naxçıvanın zəngin ədəbi-mədəni irsinin tədqiqinə həsr olunan qiymətli əsər” mövzusunda məruzələrlə çıxış edib.

Sonda müəlliflər tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Hüseyn Cavid və Naxçıvan teatrı” və “Müqəddəs məkan Naxçıvan” adlı kitablar Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasının “Yeni kitabların daimi sərgisi”ndə nümayiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.