www.science.az
02.05.2017 09:40

BDU-nun Tətbiqi Riyaziyyat ETİ ilə Ukraynanın Mexanika İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu (TRETİ) ilə Ukrayna Milli Elmlər Akademiyasının (MEA) S.M.Timoşenko adına Mexanika İnstitutu arasında elmi əməkdaşlığı inkişaf etdirmək üçün əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, TRETİ-nin əməkdaşları Mexanika İnstitutunda nəşr olunan “Tətbiqi mexanika” jurnalına, ukraynalı alimlər isə TRETİ-də çap edilən Tətbiqi və Hesablama Riyaziyyatı (Applied and Computational Mathematics), həmçinin Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat jurnallarına məqalələrini təqdim edəcəklər.

Müqaviləni BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Mexanika İnstitutunun direktoru, akademik Aleksandr Quz təsdiq edib, TRETİ-nin direktoru, akademik Fikrət Əliyev və Mexanika İnstitutunun şöbə müdiri, akademik Anatoli Martınyuk imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.