www.science.az
08.05.2017 10:35

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib

Kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Nazil Fazil oğlu Canibəyov 2017-ci il may ayının 6-da ömrünün 75-ci ilində vəfat etmişdir.

Nazil Canibəyov 1942‐ci il sentyabrın 21‐də Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir.

O, 1972-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1987-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1994-cü ildə isə professor elmi adını almışdır. 2007-ci ildə AMEA‐nın müxbir üzvü seçilmişdir.

Alim əmək fəaliyyətinə 1965‐ci ildən Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft‐Kimya Prosesləri İnstitutunda mühəndis kimi başlamış, sonralar kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır.

N.Canibəyov 1986‐cı ildən indiyə kimi Neft‐Kimya Prosesləri İnstitutunda Polifunksilonal kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının müdiri vəzifəsində çalışmışdı. O, 2012‐ci ildən bu elmi müəssisədə Neft‐kimya sintezi şöbəsinin müdiri idi.

Professor N.Canibəyov neft kimyası sahəsində tanınmış alim idi. Onun əsas elmi istiqaməti tərkibində heteroatom saxlayan polifunksional kompleksonlar və metalkompleks birləşmələrin sintezi üsullarının işlənib hazırlanması və onların tətbiq sahələrinin araşdırılması idi. N.Canibəyov tərəfindən metalkompleks birləşmələr arasında “Stanaz” adlanan polietilenin qocalmasına qarşı stabilizator yaradılmış və ondan istifadə edilərək xalq təsərrüfatında antistatik, işıq şüasına qarşı davamlı və UB şüaları özündən yaxşı keçirən polietilen örtük yaradılmış və tətbiq edilmişdir.

Alimin rəhbərliyi ilə polibutadienlərin alınma prosesində həm stabilizator, həm də katalizator kimi unikal xassə daşıyan nikel və kobalt metalkomplekslər işlənib hazırlanmış və Rusiyanın Yefremov zavodunda sənaye miqyasında tətbiq edilmişdir. Bu proses yüksək iqtisadi səmərəliliyi ilə yanaşı, həmçinin ekoloji problemlərin də həllinə kömək etmişdir. Kobalt saxlayan ditiofosfat‐kompleksi Türkiyənin “Petkim” firmasında yüksək molekullu polibutadienin alınma prosesində katalitik sistemin komponenti kimi uğurla sınaqdan keçirilmişdir.

Son illər N.Canibəyov dien karbohidrogenlərinin polimerləşmə prosesləri üçün yeni tip heterogenləşdirilmiş katalitik sistemlərin yaradılması sahəsində tədqiqatlar aparırdı. Alınmış nəticələr göstərib ki, bu tip katalitik sistemlər həm aktivliyi və selektivliyi, həm də məhsuldarlığı ilə məlum homogen sistemlərdən bir neçə dəfə effektlidir.

N.Canibəyov 224 elmi əsərin, o cümlədən 20 müəlliflik şəhadətnaməsi və 17 patentin müəllifi idi. Onun əsərlərinin çox hissəsi xaricdə çap olunmuşdur.

Alimin rəhbərliyi ilə 1 elmlər doktoru, 6 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır.

N.Canibəyov Neft‐Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, “Neft kimyası və neft emalı prosesləri”, “Kimya problemləri” və “Elm dünyası” jurnallarının redaksiya heyətinin üzvü idi. O, Y.Məmmədəliyev adına medal, “Avropa Nəşr Evi”nin qızıl medalı ilə təltif olunmuşdur.

Tanınmış kimyaçı alim Nazil Canibəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.