www.science.az
10.05.2017 09:23

“Böyük Bakının antropogen geomorfologiyası” adlı monoqrafiya çapdan çıxıb

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktorları - dosent Sitarə Tarixəzər, Zərnurə Həmidova və S.Məmmədovun müəllifi olduqları “Böyük Bakının antropogen geomorfologiyası” adlı monoqrafiya çapdan çıxıb.

Rus dilində nəşr edilən kitabın elmi redaktoru institutun direktoru, akademik Ramiz Məmmədovdur.

Monoqrafiya mərhum coğrafiyaşünas alim Elbrus Əlizadənin xatirəsinə həsr olunub.

Tədqiqatçılar Böyük Bakı relyefini morfometrik təhlil edərək hipsometrik, meyillik, səmtlilik, üfüqi və şaquli parçalanma xəritələrini, yer səthinin ümumi, planlı və profil əyriliyinin xəritələrini və diaqramlarını hazırlayıblar. Kitabda Bakı ərazisində sürüşmə, yarğan-qobu şəbəkəsi, abraziya və eol prosesləri kimi ekzogen geomorfoloji proseslər, gələcəkdə kütləvi şəkildə yaşayış və sənaye müəssisələrinin salınacağı ərazilərdə ekogeomorfoloji gərginlik haqqında ətraflı məlumat verilir.

Əldə olunan nəticələr Bakı ərazisində şəhərsalma işlərində istifadə üçün çox qiymətlidir.

Monoqrafiya geomorfologiya, geologiya, ekogeomorfologiya, landşaftşünaslıq, o cümlədən dağlıq ərazilərin mənimsənilməsi ilə maraqlanan mütəxəssislər, ali təhsil məktəblərinin müəllimləri və tələbələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.