www.science.az
12.05.2017 09:38

Milli Azərbaycan Tarixi Muzeyində “ART Show” adlı rəsm sərgisinin açılışı olub

Mayın 11-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “ART Show” adlı rəsm sərgisinin açılışı olub.

Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, sərginin təşkili azyaşlı uşaqların dünyagörüşünün inkişafında, onların istedad və bacarıqlarının aşkara çıxarılmasında xüsusi rol oynayır.

Sonra müvafiq layihə və sərgi barədə məlumat verilib.

Qeyd olunub ki, muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Ləman Musayevanın rəhbərliyi ilə “İstək” liseyinin rəsm dərnəyində “ART istedad” layihəsi reallaşdırılıb. Layihənin məqsədi dərnək üzvlərinin Azərbaycan tarixinə maraqlarını artırmaq, onlara maddi və mənəvi irsimizin qorunmasının vacibliyini aşılamaq olub.

Tədbirdə “İstək” liseyi şagirdləri tərəfindən hazırlanmış və tariximizin ayrı-ayrı dövrlərinə həsr olunan əl işləri, həmçinin müxtəlif səhnəciklər təqdim edilib.

Mövzular üzrə ən yaxşı əl işlərinin müəlliflərinə təşəkkürnamə və muzeyin kataloqları hədiyyə edilib.

Sərgi mayın 15-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.