www.science.az
01.06.2017 15:43

Gənc Alim və Mütəxəssislər Şurasının dəstəyilə təsis olunan "Kiçik Akademiya"lar ciddi nailiyyətlərə imza atırlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmlə təhsilin inteqrasiyası istiqamətində həyata keçirdiyi tədbirlər öz müsbət nəticəsini verməkdədir. Akademiyanın bu siyasətinin reallaşmasında Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) mühüm rol oynayır.  

Şuranın orta məktəblərdə gerçəkləşdirdiyi elmin təbliği və populyarlığının artırılması məqsədi daşıyan "Bu günün şagirdi, sabahın alimi" layihəsi çərçivəsində paytaxt məktəblərində təsis etdiyi “Kiçik Akademiya”lar ciddi elmi nailiyyətlər əldə edirlər.

GAMŞ-ın təşəbbüsü ilə Səbail rayonu 162 saylı tam orta məktəbdə "Kiçik Akademiya"da gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.

Konfransda GAMŞ-ın İdarə Heyətinin üzvləri, Səbail rayonu İcra Hakimiyəti başçısının müavini Xalidə Bayramova, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi, bir sıra məktəblərin direktorları və "Kiçik Akademiya" üzvləri iştirak ediblər.

Konfrans haqqında məlumat verən məktəbin direktoru Sevinc Abbasova bildirib ki, konfransın keçirilməsində məqsəd görülmüş işləri ictimayyətə təqdim etmək, həmçinin şagirdlərin dünyagörüşünü artırmaq və onlara intellektual səviyyələrini numayiş etdirmək üçün əlavə imkanlar yaratmaqdır.

Tədbirdə çıxış edən GAMŞ-ın İdarə Heyətinin üzvü, dosent Faiq Məmmədov təmsil olunduğu qurum tərəfindən orta və ali məktəblərdə həyata keçirilən layihələr, o cümlədən məktəblərdəki “Kiçik Akademiya”larla birgə görülən müştərək işlərdən danışıb.

Konfransda gənc tədqiqatçıların müxtəlif bölmələr üzrə nümunəvi elmi işlərindən ibarət təqdimatlar dinlənilib.

Qeyd edək ki,  Gənc Alim və Mütəxəssislər Şurasının dəstəyi ilə Səbail rayonu şəhid Etibar Əliyev adına 162 saylı orta məktəbin "Kiçik Akademiya"sında qısa müddətdə böyük nailiyyət əldə olunub. Belə ki, Sabahın alimləri VI Respublika müsabiqəsində iştirak edən məktəbin 10-cu sinif şagirdi, “Kiçik Akademiya”nın üzvü Zeynəb Sadıxovanın AMEA Botanika İnstitutunda həyata keçirdiyi “Adi çaytikanı (Hippophae Rhamnoides L.) meyvələrindən bioloji fəal yağların və digər birləşmələrin alınması texnologiyası” adlı layihəsi biologiya kateqoriyası üzrə 3-cü yerin qalibi olub və xüsusi mükafat ilə təltif edilib.

Eyni zamanda “Kiçik Akademiya”nın digər üzvü, 11-ci sinif şagirdi Mahirə Əsədzadə bu il qəbul imtahanında 1-ci qrup üzrə maksimal nəticə göstərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.