www.science.az
06.06.2017 09:25

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib

İyunun 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) qurumun sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbirdə ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarovanın “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Firəngiz Əlizadənin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, müxtəlif titullara və fəxri adlara layiq görülən F.Əlizadə Azərbaycan musiqisini dünyada tanıdan bəstəkarlardan biridir. Onun əsərləri bir çox ifaçıların repertuarını bəzəyir.

Diqqətə çatdırılıb ki, F.Əlizadə görkəmli bəstəkar və musiqişünas olmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, hər zaman gənc bəstəkarlara diqqət və qayğı göstərir.

Konfransda çıxış edən Əməkdar incəsənət xadimi, Türkiyənin Qazi Universitetinin professoru Əflatun Nemətzadə Firəngiz Əlizadənin Türkiyədəki fəaliyyət dövründən danışıb. Bildirib ki, 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan üç pərdəli bu əsər böyük uğur qazanıb. Vurğulayıb ki, F.Əlizadə Türkiyədə ilk professional balet yazan bəstəkardır.

Elmi konfransda “Firəngiz Əlizadənin violençel üçün yazılmış əsərlərinin milli mənbələri haqqında”, “Firəngiz Əlizadənin yaradıcılığında etnospesifik konseptlərin təzahürünə dair”, “Firəngiz Əlizadə: yaradıcılığının konseptuallığı və onun yaradıcılığında konseptuallıq”, “Firəngiz Əlizadə beynəlxalq festivalların və konsert layihələrinin bədii rəhbəri kimi”, “Firəngiz Əlizadə yaradıcılığında Nəsimi mövzusu Şərq-Qərb problemi kontekstində” və digər mövzularda dinlənilən məruzələr böyük maraq doğurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.