www.science.az
19.06.2017 10:02

Azərbaycanlı alimlər Türkiyədə fındıqçılıqla bağlı beynəlxalq simpoziumda iştirak ediblər

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov və bu qurumun Genofond və Biomüxtəliflik şöbəsinin müdiri Coşqun Məmmədov Türkiyədə elmi ezamiyyətdə olublar.

Alimlər səfər çərçivəsində Türkiyənin Ordu Universitetində fındıqçılığa həsr olunmuş beynəlxalq simpoziumda iştirak ediblər.

Tədbirdə azərbaycanlı alimlər “Fındıq bitkisinin xalq seleksiyasına aid növlərinin aşkar edilməsi və bioaraşdırma işlərinin yerinə yetirilməsi” və “Fındıq bitkisinin bir çox təsərrüfat əhəmiyyətli nümunələrinin biomorfoloji göstəricilərinin təyin edilməsi, pasportlaşdırılması və genetik banka daxil edilməsi” istiqamətləri üzrə əldə olunan nəticələrə dair “Azərbaycanın Şimal-Qərb bölgəsində Adi fındıq – Corulus avellana L bitkisinin biomüxtəlifliyi və davamlı istifadəsi” movzusunda məruzələrlə çıxış ediblər.

Mərkəzin əməkdaşları tərəfindən təqdim olunan məruzələrdə Azərbaycanın Şimal-Qərb bölgəsində yetişdirilən fındıq bitkisinin yabanı və mədəni növlərinin biomüxtəlifliyi və onlardan davamlı istifadə barədə iştirakçılara məlumat verilib.

Qeyd edək ki, iki gün davam edən simpoziumda fındıq bitkisinin becərilməsi, aqrotexniki xidmətlər və yığımın təşkili, məhsulun təmizlənməsi və emalı, ixracın stimullaşdırılması, sağlam rəqabət mühitinin formalaşdırılması, bazarda payın qorunub saxlanması və artırılmasına dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.