www.science.az
20.06.2017 10:28

Rusiyada ezamiyyətdə olan AMEA nümayəndə heyəti bir sıra görüşlər keçirib

AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev Rusiyada elmi ezamiyyətdədirlər.

AMEA nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın Novosibirsk şəhərində keçirilən “Texnoprom 2017” V Beynəlxalq Texnoloji İnkişaf Forumunda iştirak edir.

Azərbaycanlı alimlər Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin İşlər İdarəsinin rəisi Edvard Skubnevski və Novosibirsk Akademiya şəhərciyi Texnoparkının baş direktoru Vladimir Nikonovla görüşüblər. Görüşdə son illərdə AMEA-nın elmin inkişafına verdiyi töhfələrdən və aparılan tədqiqat işlərindən söz açılıb. Həmçinin Sibir Bölməsinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Daha sonra AMEA nümayəndə heyəti Novosibirsk Akademiya şəhərciyinin Texnoparkı ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.