www.science.az
23.06.2017 14:31

İşlər İdarəsinin müdir müavini Sərdar Əliyevin AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar açıqlaması

Azərbaycan Milli Elmlər Akademiyasında olan yataqxana və mənzil məsələsi barədə son günlər mətbuatda gedən bəzi səriştəsiz yazılar bu məlumatı verməyimi labüdləşdirdi.

Dəfələrlə mətbuatda bildirildiyi kimi, AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan, AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil sahəsi ayrılması nəzərdə tutulmuşdur.

Bu məsələyə hazırlıq məqsədilə AMEA prezidentinin 16 iyul 2013-cü il tarixli 147 nömrəli sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya tərəfindən yataqxanada qeydiyyatı olub yaşayan və qeydiyyatı olub yaşamayan vətəndaşlar müəyyənləşdirilmiş, yataqxanada yaşamağa qanuni hüquqlarının olub-olmaması araşdırılmışdır. Onlarla görüşlər keçirilmiş və lazımi sənədlər toplanmışdır. 

Müəyyən edilmişdir ki, sözügedən  yataqxanada qeydiyyatı olub yaşamayan və AMEA ilə heç bir əlaqəsi olmayan (kənar təşkilatlarda işləyən və ya ümumiyyətlə işləməyən) çoxsaylı kənar şəxslər də vardır. Ona görə də yataqxanada qeydiyyatda olan şəxslərin müəyyənləşdirilməsi məqsədilə AMEA tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilmiş, AMEA-ya aidiyyatı olmayan və yataqxanada yaşamayan yüzlərlə şəxsin qeydiyyatdan çıxarılmasına nail olunmuşdur.

Komissiya tərəfindən yerinə yetirilən işlər barədə AMEA rəhbərliyinə ətraflı məlumatlar təqdim edildi və bu istiqamətdə sonrakı işlər müəyyənləşdirildi.

Dəqiqləşmiş məlumatlardan və yerinə yetirilən işlərdən sonra yataqxana sakinlərinə ətraflı məlumatlar və yazılı cavablar verildi. Həmin cavab məktublarından daha geniş məzmunlusu kollektiv müraciət edənlərə verildikdən sonra bir surəti bir neçə gün yataqxanada divardan asılı olmuşdur ki,  yataqxananın bütün sakinləri oxusunlar. Bundan əlavə müraciət edən yataqxana sakinləri dəfələrlə həm kollektiv şəkildə, həm də tək-tək AMEA-da qəbul edilmiş və onlara ətraflı məlumatlar, izahatlar verilmişdir. Hətta, yataqxanada qanuni hüquqları olmadan yaşayan sakinlərə yaşadıqları otaqların boşaldılması məqsədilə yazılı təklif göndərilmişdir.

 Araşdırma zamanı müəyyən edilmişdir ki, AMEA-nın əvvəlki rəhbərliyi dövründə bağlanmış müqavilədə AMEA-ya ayrılacaq mənzillərin sayı və sahəsi göstərilmədiyindən böyük problemlə üzləşmişik. Odur ki, ayrılacaq mənzil sahəsinin müəyyənləşdirilməsi üçün AMEA-nın rəhbərliyi ilə “Evrostroy-S” MMC arasında dəfələrlə görüşlər keçirildi və  çox gərgin  söhbətlər aparıldı. 

Aparılan işlərin nəticəsi olaraq, “Evrostroy-S” MMC yeni  inşa olunan yaşayış evlərindən AMEA-ya əvəzsiz olaraq ümumi sahəsi 8000 (səkkiz min) kvadratmetr yaxın olan mənzillər ayırmağı öhdəsinə götürmüşdür. Bu mənzillərin çox hissəsi ayrılmış, qalanının isə yaxın vaxtlarda ayrılmasına yazılı zəmanət verilmişdir.

Mənzillərin bölüşdürülməsinə hazırlıq məqsədilə AMEA Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli 5/2 nömrəli qərarı  ilə, AMEA-nın vitse-prezidentinin rəhbərliyi ilə yeni komissiya yaradılmışdır. Komissiyaya yuxarıda qeyd edilən müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-ya ayrılmış mənzillərə həmin yataqxanada yaşayan və  AMEA-da işləyən elmi işçilərin köçürülməsi məsələsinin ətraflı araşdırılması tapşırılmışdır.

Araşdırma zamanı məlum olmuşdur ki, yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə vardır. Onlardan 71 ailə AMEA-da işləyən, 36 ailə isəAMEA-da işləməyənlərdir. AMEA-da işləyən 71 ailədən 6-sı  elmlər doktoru, 45-i isə fəlsəfə doktorudur.

Bunlardan əlavə AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilmişdir. Bu əməkdaşlar da mənzil almağa iddialıdırlar. Onlar hesab edirlər ki, uzun illərdir kirayələrdə yaşamaq məcburiyyətində qaldıqlarına görə yataqxanada yaşayanlardan daha çox maddi və mənəvi sarsıntılara məruz qalmışlar. Hal-hazırda onların da sənədləri araşdırılır.

Komissiya tərəfindən yataqxanada yaşayan hər bir AMEA əməkdaşının yaşayış şəraitini və mənzilə olan ehtiyacını təsdiq edən sənədlər toplanmışdır. Kənarda yaşayış sahələri olması barədə məlumat daxil olan ailələrin yataqxanadan kənarda yaşadıqları mənzillər yerində, mənzil istismar sahələrinin işçiləri ilə birlikdə yaranmış imkanlar daxilində araşdırılmışdır. Yuxarıda qeyd edilən 71 AMEA əməkdaşından 17-sinin mənzil almağa hüququnun olması məsələsində problemlər yarandığını təsdiq edən sənədlər və məlumatlar toplanmışdır. Qalan 54 ailənin isə mənzil almağa hüququ olduğu müəyyən edilmişdir.

Həmin 17 ailənin adına otaqlar olsa da, əsasən həmin otaqlarda yaşamayan, adlarında mənzillər olmuş, yataqxananın yanında yaşayış evi tikintisi başlayandan sonra adlarında olan mənzilləri özgəninkiləşdirənlərdir. Yoxlama zamanı bu ailələrin əksəriyyətinin özgəninkiləşdirdikləri mənzillərdə yaşadıqları və ya həmin mənzilləri kirayəyə verərək başqa ünvanlarda yaşadıqları məlum olmuşdur. Bəzilərinin isə yeni binalarda mənzillərinin olduğu, lakin öz adlarına sənədləşdirmədikləri müəyyən edilmişdir. Mənzil qanunvericiliyinə əsasən həmin ailələr mənzil alarkən, yataqxanadakı otaqları boşaldaraq təhvil verməli idilər və həmin otaqlar 20 ildən artıqdır ki,  qeydiyyatda olan, boş otaq olmadığına görə kirayələrdə yaşayan elmi işçilərə verilməli idi.

Odur ki, ilk növbədə həmin 54 ailənin mənzillə təmin edilməsi məsələsinə baxılması məqsədəuyğun sayılmışdır. Ondan əlavə komissiya təklif etmişdir ki, mənzillərin bölüşdürülməsi üçün AMEA Azad Həmkarlar İttifaqı Təşkilatının iştirakı ilə yeni tərkibdə komissiya yaradılması məsələsinə baxılsın. Komissiyanın arayışı, bu və digər təklifləri AMEA Rəyasət Heyətində müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir.

Məsələnin ciddiliyini nəzərə alaraq, AMEA Rəyasət Heyətinin  24 may 2017-ci il tarixli, 8/21 nömrəli qərarı ilə, AMEA-nın vitse-prezidentinin və AMEA Azad Həmkarlar Təşkilatının sədrinin rəhbərliyi altında, yeni tərkibdə mənzillərin bölüşdürülməsi komissiyası yaradılmış və komissiyaya müvafiq tapşırıqlar verilmişdir.

Yeni yaradılmış komissiya tərəfindən 13 iyun 2017-ci il tarixində püşkatma yolu ilə 54 mənzilin bölgüsü aparılmış və hazırda sənədləşmə işləri davam etdirilir. Mənzil bölgüsü zamanı əməkdaşların elmi dərəcəsi, ailə vəziyyəti və ailədə imtiyaz verən digər hallar nəzərə alınmışdır.

Nəzərə almaq lazımdır ki, bölgüsü gedən mənzillər 16 mərtəbəli yaşayış evinin 1-9-cu mərtəbəsində yerləşir. Yaşayış evinin tikintisi layihələşdirilərkən mənzil alan ailələrə uyğun xüsusi layihə olmadığından,  hər mərtəbədə olan 1 otaqlılar 66 kvadrat metr, 5 ədəd 2 otaqlılar isə 85-113 kvadrat metr arasındadır. Böyük sahəli 2 otaqlı mənzillər ailə tərkibi 4 və 5 nəfərdən ibarət, elmi dərəcəsi olan əməkdaşlara verilmişdir. Qalan otaqların bölgüsü zamanı istər-istəməz normadan artıq sahə almış elmi işçilər də olmuşdur.

Bütün bunlara baxmayaraq, mənzil alanlardan da mərtəbəsinə və səmtinə görə narazı qalanlar vardır.

Bölgüdən narazı olanların müraciətləri qəbul edilir və hər bir müraciət fərdi qaydada araşdırılaraq cavab veriləcəkdir.

Son günlər yataqxanada yaşayan və mənzil almayan sakinlər yığışaraq respublikanın rəhbər orqanlarına getmiş, AMEA-nın rəhbərlərinin qarşısını kəsməyə çalışmışlar. Bu məsələ ilə əlaqədar AMEA Rəyasət Heyətinin inzibati binasının qarşısına toplaşmış 30-a yaxın şəxs qəbul edilmək  istəmişdir. AMEA-nın rəhbərliyi tərəfindən onlara bildirilmişdir ki, qəbul olunmaq üçün aralarından 4-5 nəfər seçsinlər və ya hamısı tək-tək qəbul olunsun. Lakin onlar bu təklifin heç birini qəbul etməmişlər. Müraciət edən bu şəxslər yuxarıda qeyd etdiyim kimi, AMEA-da işləməyən 36 ailənin və problemi olan 17 AMEA əməkdaşının ailə üzvləridir.

Qəbul olunmaq istəyən AMEA əməkdaşlarına müraciət edərək bildirirəm ki, mənzil məsələsi elə bir sahədir ki, onun kollektiv qaydada araşdırılması və ümumi qaydada həlli mümkün deyil. Hər bir məsələ fərdi qaydada araşdırılmalı və həllinin mümkünlüyü müəyyənləşdirilməlidir.

Yataqxanada yaşayan və AMEA ilə heç bir əlaqəsi olmayanlara isə dəfələrlə bildirilmiş və bu gün də bildirilir ki, onların mənzillə təmin edilməsi AMEA-nın imkanları xaricindədir. Odur ki, yaşadıqları otaqları boşaldıb təhvil verməlidirlər.

AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev