www.science.az
29.06.2017 13:23

AMEA-da Bülbülün 120 illik yubileyi qeyd olunub

İyunun 29-da AMEA Hüseyn Cavidin Ev Muzeyində “Bülbül və folklor” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə ölməz sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, iyunun 22-də Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Xalq artisti Bülbülün anadan olmasının 120 illiyi tamam olur. Alim elmi sessiyanın ölkə Prezidentinin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 11 may 2017-ci il tarixli Sərəncamına əsasən keçirildiyini vurğulayıb.

Akademik M.İmanov məlahətli səsi ilə könül oxşayan Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışaraq, onun gənc ifaçıların yetişdirilməsinə, püxtələşməsinə böyük əmək sərf etdiyini diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Bülbülün 100 illik yubileyinin, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə isə görkəmli müğənninin 110 və 120 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.

“Bülbülün musiqi tariximizdəki xidmətlərindən danışarkən, onun folklorşünaslıq sahəsindəki fəaliyyətini də qeyd etmək lazımdır” – deyən akademik bildirib ki, görkəmli xanəndə xalqın hafizəsində qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa qaytarmaq istəyi ilə yaşayırdı. Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir.

Çıxışının sonunda M.İmanov Azərbaycan xalq mahnılarının, təsniflərinin, vokal əsərlərinin bənzərsiz ifaçısı Bülbülün ölməz xatirəsinin xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacağını qeyd edib.

Sonra çıxış edən Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli böyük sənətkar Bülbülün zəngin yaradıcılıq yolu keçdiyini və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğunu vurğulayıb. Bildirib ki, onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.

Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün həm də görkəmli pedaqoq olduğunu, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrətdiyini bildirib. O, Ərtoğrul Cavidin Bülbülün istedadlı tələbələrindən biri olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Bülbül Azərbaycan milli vokal məktəbi ənənələrinin tədqiqi və Avropa opera mədəniyyəti ilə bu ənənələrin sintezinə dair bir çox sanballı əsərlərin müəllifidir. Böyük sənətkarın təşəbbüsü ilə Dövlət Konservatoriyası nəzdində xalq musiqisini öyrənən elmi tədqiqat kabineti yaradılmışdır. 1932-ci ildən 1943-cü ilədək fəaliyyət göstərən bu kabinet xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması ilə məşğul olmuşdur. 

Bildirilib ki, milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır. O, vokal sənətinin əsaslarını və öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən işləyib.

Elmi sessiyada sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəylinin “Bülbül və musiqi folkloru” və Arzu Məmmədxanlının “Yaddaşlarda əbədiləşən səs” mövzusunda məruzələri dinlənilib.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə Bülbülün repertuarından xalq mahnıları və klassik əsərlər ifa olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.