www.science.az
30.06.2017 15:37

Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

AMEA-nın Dendrologiya İnstitutunda “Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdlərinin iştirakı ilə seminar-məşğələ keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsində qalib olmuş “Ekoloji, bioloji və ərzaq təhlükəsizliyinin əsası olan bioloji müxtəliflik üzrə ictimai məlumatlandırma sisteminə giriş” layihəsi çərçivəsində gerçəkləşib.

Seminar-məşğələdə “Gənclik və maarifçilik” İctimai Birliyinin rəhbəri, b.ü.f.d. Vaqif Əmikişiyev bu cür tədbirlərin keçirilməsində əsas məqsədin şagirdlər arasında maarifləndirmə işi aparmaqla onların ətraf mühit haqqında təsəvvürlərini formalaşdırmaq olduğunu bildirib. 

Sonra çıxış edən Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Zümrüd Məmmədova institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, burada yaradılmış park-bağ barədə şagirdlərə məlumat verib. Bildirib ki, Mərdəkan qəsəbəsində yerləşən bu ərazi 1895-1920-ci illərdə mesenat və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Burada bitən flora növlərinin sayına və yaşına görə Mərdəkan dendrarisi dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir.

Murtuza Muxtarovun evi ilə tanış olan məktəblilərin diqqətinə çatdırılıb ki, bina “kotik” üslubunda gəmi formasında layihələndirilib. Dendrologiya İnstitutunun bağının ümumi sahəsi 12 hektardır.

Tədbirdə Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva, Herbari və toxumçuluq laboratoriyasının müdiri Minarə Həsənova və Birliyin ekspertləri şagirdlərə ölkəmizin zəngin florası, biomüxtəlifliyə təsir edən amillər, aqrobiomüxtəliflik və onun əhəmiyyəti, canlı aləmin təbiətdə və insan həyatında rolu, Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər.

Sonda məktəblilər üçün müxtəlif mövzuları əhatə edən təlimlər, ekoloji oyunlar təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.