www.science.az
07.07.2017 09:59

Zaqatalada “Ölkəmizdə milli və dini həmrəylik” mövzusunda elmi-praktik konfrans keçirilib

Zaqatala şəhər Heydər Əliyev Mərkəzində “Ölkəmizdə milli və dini həmrəylik” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA Folklor İnstitutu və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə iştirakçılar Ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Konfransda İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini və bununla əlaqədar Zaqatala rayonunda silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Zaqatalada tarixən müxtəlif xalqların və dinlərin nümayəndələri mehribanlıq və həmrəylik şəraitində yaşayıb, fəaliyyət göstəriblər.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxışında multikulturalizm, tolerantlıq və İslam həmrəyliyinin Azərbaycan xalqının mədəniyyətində və digər xalqlara münasibətində əsrlər boyu özünü göstərdiyini söyləyib. Akademik Zaqatalada yaşayan müxtəlif xalqların nümayəndələrinin vahid bir dövləti, milləti təmsil edən və bir-birinə bağlı insanlar olduğunu bildirib: "Onların birgə yaratdıqları mədəniyyət çox zəngindir. Bu mədəniyyət milli və dini baxımdan müxtəlif olsa da, eyni zamanda bütöv və ahəngdardır".

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Zaqatala rayon nümayəndəsi Kəmalə Əhmədovanın “Tolerantlıq və multikulturalizm ölkəmizdə həyat və düşüncə tərzidir”,  Folklor İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızının “Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm”, filologiya üzrə fəlsəfə doktoru Zümrüd İbrahimqızı – Mənsimovanın “Zaqatala folklor mühiti”, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Zaqatala son 5 ildə: folklorşünasın qeydləri”,  Azərbaycan Respublikasının Əməkdar müəllimi Zümrüd Ağakişiyevanın “Aşıq Valeh Zaqatala aşıq mühitinin görkəmli nümayəndəsi kimi” mövzularda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.