www.science.az
17.07.2017 09:00

Azərbaycanlı tarixçi-alimin kitabı Rusiyada çap olunub

AMEA-nın Tarix İnstitutunun Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyevanın “Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqazın dövlət qurumları 1918-1920-ci illərdə” adlı kitabı (rus dilində) Rusiyada çap olunub.

Kitab Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində işıq üzü görüb.

Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının filialı olan Cənubi Rusiya İdarəetmə İnstitutunun Hüquqi Tədqiqatlar Mərkəzinin direktoru, professor Dəmir Şapsuqovun dəstəyi ilə “Qafqaz xalqlarının dövlət və hüququ” layihəsi çərçivəsində çap olunan kitabın elmi redaktorları - professor Aleksey Çikovani və tarix üzrə fəlsəfə doktoru Eldar Abbasov, rəyçiləri - professor İqor Turitsın və dosent Firdovsiyyə Əhmədovadır.

S.Əliyeva geniş arxiv materialları əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə Şimali Qafqazda mövcud olmuş dövlət qurumları – Dağlı Respublikası, Şimali Qafqaz əmirliyi və Nəcməddin Qotsinskinin imamlığı ilə əməkdaşlığı və qarşılıqlı əlaqələri izləyərək, Azərbaycan Xalq Cümhuriyyəti ilə onların birləşmə ideya və planlarını, Şimali Qafqaz xalqlarının müstəqillik uğrunda mübarizəsinə Azərbaycan xalqı və Cümhuriyyət hökuməti tərəfindən göstərilən yardımı dərindən araşdırıb.

Qeyd edək ki, 2017-ci ilin iyun ayında Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində yerləşən X.M.Berbekov adına Kabardin-Balkar Dövlət Universitetində keçirilmiş beynəlxalq konfrans çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqazın dövlət qurumları 1918-1920-ci illərdə” adlı kitabın təqdimatı olub. Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov həmin konfransda “Azərbaycan xalqının etnik-siyasi tarixinə dair” mövzusunda məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.