www.science.az
03.08.2017 16:19

“Nizami Gəncəvinin biblioqrafiyası. İzahlı məlumat kitabı” beynəlxalq nəşri hazırlanacaq

Avqustun 3-də  “Nizami Gəncəvinin biblioqrafiyası. İzahlı məlumat kitabı” beynəlxalq nəşrinin hazırlanması ilə əlaqədar nizamişünasların iştirakı ilə müşavirə keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil edilən müşavirədə biblioqrafiyanın tərtib prinsipləri, quruluşu, məzmunu ətrafında fikir mübüdiləsi aparılıb.

Muzeyin direktoru, akademik Rafael Hüseynov dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bildirilib ki, muzey 1939-cu ildə görkəmli mütəfəkkirin anadan olmasının 800 illiyinə həsr olunan daimi sərgi Ev-muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin sərəncamı ilə yaradılıb. Lakin onun açılışı 1945-ci ildə olub və sonralar Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilib.

Dahi Nizaminin zəngin yaradıcılığı barədə məlumat verən akademik onun dünya miqyasında tanınmış mütəfəkkir olduğunu xatırladıb, böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğunu bildirib.

Akademik R.Hüseynov bildirib ki, beynəlxalq nəşrin ərsəyə gəlməsinin məqsədi ilk dəfə Nizami Gəncəvinin yaradıcılığı haqqında Azərbaycanda və dünyada aparılan bütün tədqiqləri, nəşrləri, tərcümələri əhatə edən müfəssəl biblioqrafiyanın hazırlanmasıdır. Nəzərə çatdırılıb ki, bugünkü müşavirə də Nizami Gəncəvi haqqında yeni materialların meydana gəlməsinə, bu sahədə müxtəlif tədqiqatların aparılmasına zəmin yaradacaq.

Eyni zamanda, muzeydə dahi şairlə bağlı aktual problemləri əhatə edən müşavirə və konfransların keçirilməsi mütəmadiləşdiriləcək, vaxtilə burada mövcud olmuş Nizami lektoriyasının fəaliyyəti bərpa ediləcək.

Muzeyin direktoru yeni nəşrin hazırlanmasında böyuk koməklik göstərən araşdırmaçı, nasir Əli Polad Vahabzadənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, naşir və mədəniyyət hamisi Ə.P.Vahabzadə fars, Azərbaycan, türk, ingilis və rus dillərində fundamental nəşrlərin, Mirzə Əli Möcüzün “Divan”ının, Təbriz şəhərinin tarixi və mədəniyyəti haqqında ensiklopedik nəşrin müəllifidir. O, digər dəyərli kitabların hazırlanmasını və çapını həyata keçirib, bu nəşrlərin kitabxanalara və ayrı-ayrı şəxslərə təmənnasız paylanılmasını təmin edib. Əli Polad Vahabzadənin koordinatorluğu ilə İran və Türkiyədə yaradılan xüsusi qruplar həmin ölkələrdə Nizami Gəncəviyə aid mövcud olan nəşrlərin toplanması işinə başlayıblar. Azərbaycanda da bu iş Ədəbiyyat Muzeyinin əməkdaşlarının və respublikanın tanınmış nizamişünaslarının iştirakı ilə gerçəkləşdiriləcək.

Əli Polad Vahabzadə, professor Xəlil Yusifli, AMEA-nın müxbir üzvü Nüşabə Araslı və digər çıxış edənlər dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığının dünya miqyasında təbliğ olunmasında hazırlanacaq nəşrin əhəmiyyətini qeyd edib, bu sahədə yeni tədqiqatların aparılmasının vacibliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.