www.science.az
05.08.2017 15:21

Yüksək texnologiyalar sahəsində uğur əldə etmənin yolları texnoparklardan keçir

Bakıda səfərdə olan Türkiyənin Erciyes Texnoparkının baş direktoru Bilgin Yazlık AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşlarına təlim keçib.

Təlim zamanı texnoparkın idarə edilməsi, startapçıların maarifləndirilməsi, investisiyaların təşviqi, investorlarla sahibkarların əlaqələrinin genişlənməsi mövzularına toxunulub. Erciyes Texnoparkının Biznes İnkubasiya Mərkəzi olan SERA-nın qurulması, fəaliyyəti, mövcud iş prosesi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 217 min kvadratmetr açıq, 30,5 min kvadratmetr qapalı əraziyə sahib texnoparkda 203 bina mövcuddur. Buradakı firmaların əksəriyyəti öz fəaliyyətlərini beynəlxalq, iqtisadi münasibətlər və texnoloji sahələr üzərində qurublar. Eyni zamanda, enerji, kimya və qida sənayesi ilə məşğul olan şirkətlər də var.

B.Yazlık ikigünlük təlim zamanı startapçıların layihələrini biznesə çevirmək üçün ehtiyacı olduqları mövcud qaynaqları düzgün araşdırmağın yollarını göstərib. O, prototipi əldə etdikdən sonra pilot layihə olaraq istehsal prosesinin texnoparkların öhdəsinə düşdüyünü bildirib. 2005-ci ildən fəaliyyət göstərən Erciyes Texnoparkının bu sahədə keçdiyi təcrübəni nümunə göstərərək, təmsil etdiyi qurumun Türkiyənin beşinci böyük texnoparkı olduğunu bildirib.

AMEA Yüksək Texnologiyalar Parkı ilə yaxından tanış olan qonağa texnoparkda yaradılan şərait, imkanlarla bağlı ətraflı məlumat verilib. AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev Erciyes Texnoparkı ilə arasında daha öncə yaradılan əməkdaşlıq əlaqələrinin davamı olaraq rəhbərlik etdiyi qurum ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.