www.science.az
07.09.2017 08:54

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə vəfat edib

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, AMEA-nın fəxri üzvü, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da ömrünün 97-ci ilində vəfat edib.

Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurmuşdur. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışlar. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olmuş, bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə o, 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirmişdir. Alimin dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulmuşdur.

L.Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini almışdır. 1959-cu ildən Berkli Universitetində çalışmış, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik etmişdir. L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərmişdir.

1965-ci ildə Kaliforniya Universitetinin Elektrotexnika kafedrasının müdiri vəzifəsində çalışan 44 yaşlı L.Zadə "İnformation and Control" jurnalında  qeyri-səlis çoxluqlara aid "Fuzzy Sets" məqaləsini çap etdirir. Böyük tarixi əhəmiyyətə malik bu iş bütün dünyada rezonansa sabəb olur, elmdə yeni bir istiqamətə təkan verir.

Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan məhz qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olmuşdur. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yartmışdır. Beləliklə, elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yaranmışdır.

Hazırda Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Alim, həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” adlı kitablar yazılmış, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilmiş, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılmışdır. 

L.Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. 

Alim 1963-cü ildə idarəetmə nəzəriyyəsini kökündən dəyişdirən vəziyyətlər fəzası yanaşmasını təklif etmiş və Çarlz Dezoirlə birlikdə “Xətti sistemlər nəzəriyyəsi” kitabını nəşr etdirmişdir.

Fəza vəziyyətləri nəzəriyyəsi dinamik sistemlərin idarə olunması və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. 

“Soft Computing” nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticə çıxarmaq paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirən yeni texnologiyaların əsasını təşkil edir. 

L.Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi kimi “Optimal süzgəclər nəzəriyyəsi” də müasir riyaziyyatda və kibernetikada yeni bir addım, yeni bir hadisədir. Bu nəzəriyyə təkcə elmi orijinallığı ilə deyil, həm də əməli nəticələri ilə qiymətlidir.

Xatırladaq ki, Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir.

O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunmuşdur. Bununla yanaşı, o, “Qriqor Moisil”, “Rudolf Oldenburqer”, “Riçard B.Hamminq”, “Kempe de Feriye” kimi onlarca başqa fəxri nişan və qızıl medallara layiq görülmüşdür.

Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. 

O, NASA-nın və NATO-nun aparıcı mütəxəssisi idi. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edirdi. Məlumat üçün bildirək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi. 

L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvü idi. O, çox sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru idi.  Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, fəxri akademiki seçilmişdir. 

Dünya şöhrətli alim sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. L.Zadə AMEA Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak etmiş, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim edilmişdir. 

Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilmiş, 2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilmişdir.

AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixdə keçirilmiş iclasında böyük alim “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülmüşdür.

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan elmi ictimaiyyətinə dərin hüznlə baş sağlığı verir. 

Lütfi Zadə vəsiyyətinə əsasən Azərbaycanda dəfn olunacaq.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.