www.science.az
12.09.2017 14:54

Görkəmli alim Vəli Axundov haqqında biobiblioqrafik göstərici hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən görkəmli Azərbaycan alimi, ictimai-siyasi xadim Vəli Axundov haqqında biobiblioqrafik göstərici hazırlanıb.

“Vəli Yusif oğlu Axundov. Biobiblioqrafiya” adlı biblioqrafik göstərici beş bölmədən ibarətdir. “V.Y.Axundovun həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin əsas tarixləri” və ”V.Y.Axundovun həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti haqqında qısa oçerk” bölmələri alimin həyatı, təhsili, elmi və ictimai-siyasi fəaliyyətinin qısa xronikasını əks etdirir. “Elmi əsərlərinin biobiblioqrafiyası” bölməsində V.Y.Axundovun monoqrafiya və tövsiyələri, müxtəlif jurnallarda, toplu və qəzetlərdə Azərbaycan, rus və ingilis dillərində çap olunmuş məqalələri, o cümlədən məruzə, tezis və çıxışları yer alıb. Vəli Axundovun redaktə etdiyi kitablar və redaktoru olduğu elmi jurnallar “Redaktə etdiyi əsərlər” bölməsində verilib. Alim haqqında görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin dəyərli fikirlərini ehtiva edən məqalələrin linkləri ilə “V.Y.Axundov internet resurslarında” bölməsində tanış olmaq olar.

Alimin 100 illiyi ilə bağlı AMEA-nın və Səhiyyə Nazirliyinin birgə qərarı ilə hazırlanan biobiblioqrafik vəsaitin elmi redaktorları AMEA-nın müxbir üzvləri Namiq Əliyev və İbrahim Əzizovdur

Biblioqrafik vəsait tibb və səhiyyə sahəsində çalışan mütəxəssislər, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.