www.science.az
10.10.2017 12:46

Naxçıvan Bölməsinin sədri Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Türkiyənin Muğla Sıtkı Koçman Universitetində keçirilən “Turizm və mədəni miras” adlı beynəlxalq konqresdə iştirak edib.

Dünyanın bir sıra ölkələrindən olan elm adamlarının və tədqiqatçıların qatıldığı tədbirdə türk xalqlarına aid sənət, ədəbiyyat, memarlıq, dil və adət-ənənələrlə bağlı müxtəlif mövzularda elmi məruzələr dinlənilib.

Türk dünyasının zəngin mədəniyyətini tanıtmaq, nəsildən-nəsilə ötürmək və qorumaq məqsədi daşıyan konqresin bölmə iclaslarından birinə sədrlik edən akademik İ.Hacıyev “Naxçıvan turizmi və mədəniyyət abidələri: Qarabağlar türbəsi” mövzusunda məruzəsini təqdim edib. Alim müstəqilliyimizin bərpasından sonra Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, bu bölgənin tarixinin öyrənilməsi, qaranlıq səhifələrin işıqlandırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki,muxtar respublikada qədim yaşayış yerləri, tаriхi-memаrlıq аbidələr qeydə аlınır, mövcud olan abidələrdə tədqiqatlar aparılır, məlum olmayan abidələr üzə çıxarılaraq tədqiq edilir.

Günümüzə gəlib çatan abidələr içərsində türbələrin özünəməxsus yeri olduğunu söyləyən İsmayıl Hacıyev bildirib ki, Naxçıvanın qədim memarlıq məktəbinin qiymətli abidələrindən biri də Kəngərli rayonunun Qarabağlar Türbə Kompleksidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Qarabağlar Türbə Kompleksinin bərpa və tədqiq olunması haqqında” 4 iyul 2016-cı il tarixli sərəncamına əsasən dünya əhəmiyyətli abidə olan türbə elmi və tarixi əsaslarla bərpa edilir. Qarabağlar Türbə Kompleksi regiona gələn turistlərin böyük marağına səbəb olur.

Azərbaycanlı alimin məruzəsi konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.