www.science.az
13.10.2017 15:17

İctimai Elmlər Bölməsinin iclasında Zəngəzurun qərbi Ermənistana verilməsi tarixindən bəhs olunub

Oktyabrın 13-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Nərgiz Axundova gündəlikdəki məsələləri diqqətə çatdırıb. 

Sonra AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev “Azərbaycanın qədim torpağı – Zəngəzurun Qərbi Ermənistana verilməsi tarixindən” mövzusunda məruzəsini təqdim edib. Alim çıxışında Zəngəzurun tarixindən, bu mahalın Azərbaycan türklərinin əzəli yurd yerləri olmasından, 96 il əvvəl xalqımızın iradəsi əleyhinə olaraq mahalın 6742 kvadrat verstlik ərazisinin çox hissəsinin zorla qoparılıb Ermənistana birləşdirilməsindən tarixi fakt və sənədlərin dili ilə bəhs edib. Məlumat verilib ki, Zəngəzurun faciəsi XVIII əsrin sonu-XIX əsrin əvvələrindən, 1813-cü ildə Gülüstan və 1828–ci ildə Türkmənçay müqavilələrinin imzalanmasından sonra İran ermənilərinin bu torpaqlarda yerləşdirilməsi ilə başlanmışdır. Zəngəzurla birlikdə, İrəvan, Göyçə, Vedibasar və digər tarixi yurd yerlərimiz də məkrli erməni hiyləsi ilə yadlaşdırılmışdır. 

Məruzə ətrafında akademik Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Musa Qasımlı və başqaları çıxış edərək ermənilərin bir əsrdən çox müddətdə müxtəlif bölgələrdə törətdikləri soyqırımların, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaratdıqları uydurmaların əsl mahiyyətindən bəhs ediblər. 

İclasda, həmçinin akademik Cəmil Quliyevin 90, AMEA-nın müxbir üzvü Arif Abbasovun 80, tarix üzrə elmlər doktoru Əli Rəcəblinin 90 illik yubileylərinin keçirilməsi, İEB-in bürosunun yeni tərkibinin, Qafqazşünaslıq İnstitutunun yeni Elmi Şurasının təsdiq edilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.