www.science.az
19.10.2017 12:45

AMEA-da görkəmli bəstəkar Firəngiz Əlizadənin 70 illik yubileyi təntənəli şəkildə qeyd olundu

Bu gün Mərkəzi Elmi Kitabxanada görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, “Şöhrət” və “Şərəf” ordenli, Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunan “Yaradıcılıq zirvələri” adlı tədbir keçirildi.

AMEA-nın Alimlər Evi, Humanitar  Elmlər və İctimai Elmlər bölmələrinin birgə dəstəyi ilə baş tutan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Yubilyarı təbrik edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli sənətkarın zəngin yaradıcılığından, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açdı. Bildirdi ki, müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü F.Əlizadənin yaradıcılığına xas olan cəhətdir. Yubilyar əlli ildən çoxdur ki, Azərbaycan musiqişünaslığının mühüm və aktual problemlərini tədqiq edir.

AMEA-nın vitse-prezidenti qeyd etdi ki, həyatı boyu yaradıcılıq axtarışında olan Firəngiz Əlizadə ömrünün 70-ci baharında da ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. Sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək.

“AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə Azərbaycan musiqisini yeni janrlarla zənginləşdirib” – deyən akademik İ.Həbibbəyli görkəmli bəstəkarın öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ etdiyini bildirdi. Vurğuladı ki, F.Əlizadə "Muğam aləmi" və "İpək Yolu" Beynəlxalq Musiqi festivallarının bədii rəhbəri kimi mühüm musiqi layihələrinin reallaşmasında da öz töhfəsini verir.

F.Əlizadənin xidmətlərinin dövlət və ictimaiyyət tərəfindən də yüksək qiymətləndirildiyini söyləyən İ.Həbibbəyli onun 1990-cı ildə "Əməkdar incəsənət xadimi", 2000-ci ildə "Xalq artisti" fəxri adlarına, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə “Şərəf” ordenlərinə layiq görüldüyünü, həmçinin YUNESKO-nun “Sülh artisti” fəxri adı və s. nüfuzlu mükafatlarla təltif edildiyini diqqətə çatdırdı. Akademik İ.Həibibbəyli AMEA-nın Fəxri fərmanını F.Əlizadəyə təqdim etdi. 

Sonra çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan musiqi mədəniyyətinin ən parlaq nümayəndələrindən olan F.Əlizadənin əsərlərinin əhəmiyyətindən danışdı, sənətkarı 70 illik yubileyi münasibətilə təbrik etdi. Y.Mahmudov bildirdi ki, müxtəlif adlara və titullara layiq görülən F.Əlizadə Azərbaycan musiqisini dünyada tanıdan bəstəkarlardan biridir. Onun əsərləri bir çox ifaçıların repertuarını bəzəyir. O, ilk əsərlərindən başlayaraq son illərdə yazdığı əsərlərə qədər fitri istedadını göstərib və hər bir əsərdə öz sözünü deyir.

Yubiley tədbirində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Həcər Babayevanın “Müasir musiqi kontekstində Firəngiz Əlizadə yaradıcılığı”, professor Cəmilə Həsənovanın “Firəngiz Əlizadə beynəlxalq festivalların və konsert layihələrinin bədii rəhbəri kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kamilə Dadaşzadənin “Firəngiz Əlizadənin yaradıcılığında etnospesfik konseptlərin təzahürünə dair (“Muğamsayağı” əsəri əsasında)” mövzusunda məruzələri böyük maraq doğurdu. Diqqətə çatdırıldı ki, F.Əlizadə görkəmli bəstəkar və musiqişünas olmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, hər zaman gənc bəstəkarlara diqqət və qayğı göstərir.

Daha sonra bəstəkarın əsərlərindən ibarət bir sıra kompozisiyalar səsləndirildi.

Sonda çıxış edən F.Əlizadə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi. Yubilyar Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da böyük əzmlə çalışacağını vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.