www.science.az
10.11.2017 10:56

Parisdə YUNESKO ilə Azərbaycan arasında elm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

Fransada elmi ezamiyyətdə olan AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev ölkəmizlə YUNESKO arasında elm sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün təbii elmlər sektorunun nümayəndələri ilə görüşlər keçirib.

Təbii elmlər sektorunun icraiyyə ofisinin rəhbəri Kristof Vandenberg ilə görüşdə akademik Dilqəm Tağıyev ölkəmizin zəngin geoloji irsi, qoruqları barədə məlumat verib. O, Azərbaycan alimləri tərəfindən hazırlanmış nəşrləri Kristof Vandenbergə təqdim edib.

Görüşdə, həmçinin YUNESKO-nun Qlobal Geoparklar və İnsan və Biosfera proqramları çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

K.Vandenberg YUNESKO-nun Azərbaycan ilə elm sahəsində əlaqələrin möhkəmləndirilməsinə hazır olduğunu bildirərək, əməkdaşlıq imkanlarının gücləndirilməsi üçün vacib istiqamətlərdən danışıb və təqdim edilən məlumatlarla diqqətlə tanış olacağını vurğulayıb.

Beynəlxalq Geologiya və Geoparklar Proqramının katibi, YUNESKO-nun Yer Elmləri və Geoloji Təhlükələr Riskinin Azadılması şöbəsinin rəhbəri Patrik Mak Kiver ilə görüşdə D.Tağıyev yer elmləri sahəsində görülən işlərdən, ölkəmizin geoloji irsindən söz açıb. Azərbaycan ərazisində yerləşən geoloji irsin YUNESKO-nun “Qlobal Geopark” statusunu əldə etməsi üçün lazımi prosedur qaydaları ilə maraqlanıb.

P.M.Kiver Azərbaycanda YUNESKO Qlobal Geoparkının yaradılması üçün tələb olunan meyarlar və prosedur qaydaları haqqında ətraflı məlumat verib, təşkilatın ölkəmiz ilə yer elmləri sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.

Görüşlərdə ölkəmizin YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.